Ərəb turistləri Azərbaycanda cəzb edən nədir? - SƏBƏB - FOTOLAR

Azərbaycana gələn ərəb turistlərin sayı ilbəil artır. Təkcə Bakının mərkəzində bir neçə saatlıq müşahidə aparsanız, çoxlu sayda ərəb turistlər görərsiniz. Onlara həmçinin Bakının məşhur otellərinin qarşısında, alış-veriş mərkəzlərində rast gəlmək mümkündür. Ailəvi gələnlər də var, tək gələnlər də, qrup şəklində gələnlər də. Regionlara üz tutan ərəb turistlərin sayı da kifayət qədərdir. Bəs ərəb turistlərin Azərbaycana axın etmələrinin səbəbləri nədir? Niyə məhz daha çox ərəb turistlər diqqət çəkir? Onları ölkəmizə üz tutmağa vadar edən nədir? "Yeniavaz.com" saytının bununla bağlı suallarını Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov cavablandırıb.

"Ərəb turistlərin əvvəllər hara istirahətə getdiyi də nəzərə alınmalıdır"

Müzəffər Ağakərimov ərəb turistlər üçün Azərbaycanın cəlbedici ölkə olmasını belə izah edib: "Bu sualı cavablandırmaq üçün ərəb turistlərin əvvəllər hara istirahətə getdiyi də nəzərə alınmalıdır. Avropada baş verən hadisələr ərəb ölkələrinin turistlərini daha çox digər ölkələrə getməyə vadar etdi. Avropada müsəlman ölkələrindən gələn turistlərə bir balaca ögey münasibət var. Bu başqa mövzudur - terrorizm və s. iddialarla əlaqədardır. Təbii ki, ərəb turistlər Azərbaycanda özlərini çox kamfort, çox rahat hiss edirlər. Bu birinci məqam".

Digər səbəbə gəlincə, Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri bunları sadaladı: "Ərəb turistlər Azərbaycana gələndə buradakı qonaqpərvərliklə, tarixi abidələrlə, insanlarımızın gülərüzlüyü, səmimiyyəti ilə, mətbəximizin çox dadlı, təamlı olması ilə məmnun olurlar. Tarixi abidələrimiz, musiqimiz, həm də müsəlman ölkəsi olduğuna görə Azərbaycan onları cəlb edir".

"Ərəb turistləri üçün burada qiymətlər münasibdir"

Həmsöhbətimizin fikrincə, ərəb turistlərin Azərbaycana gəlməsində üçüncü bir amil qiymət siyasəti ilə bağlıdır: "Belə ki, qiymət siyasətində bizdə sabitliyin olması özünü göstərir - yəni bahalaşma olmayıb. Ərəb turistləri üçün burada qiymətlər münasibdir, cəlbedici qiymətlərdir. Avropada isə çox bahadır".

"Hamı istəyər ki, öz ailəsi ilə..."

Müzaffər Ağakərimovun dediyinə görə, ərəbləri ölkəmizə cəlb edən digər məqamlar da var: "Hamının bildiyi kimi Azərbaycan sabit ölkədir. Bir çox ölkələrə baxanda Azərbaycan həqiqətən stabil ölkə olduğuna görə nəinki ərəb turistləri, digər turistləri də cəlb edir. Hamı istəyər ki, öz ailəsi ilə sabitlik, əmin-amanlıq olan ölkəyə getsin. Həm də qonaqpərvər xalqdır Azərbaycan xalqı".

"Əvvəllər bunlar demək olar ki, yox dərəcəsində idi"

Müsahibimiz qeyd edir ki, həm Bakı şəhərində, həm də digər regionlarda gözəl turizm infrastrukturunun yaradılması da turistləri cəlb edən amillərdəndir: "Ərəb turistləri nəinki Bakı şəhərində, həm də regionlarda istirahət edirlər. Siz onları Şahdağda, Tufandağda və digər yerlərdə görə bilərsiniz.

Azərbaycanda turizm infrastrukturu yaradıldığı, şərait olduğu, gözəl otellər nəinki Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərdiyi, yüksək səviyyədə xidmət göstərdiyi üçün ərəb turistləri cəlb edir. Eyni zamanda Azərbaycanda son illərdə turizm növləri də genişlənib - qış turizmi, sağlamlıq turizmi və digər turizm növlərinə maraq artır. Əvvəllər bunlar demək olar ki, yox dərəcəsində idi. Bax, bu amillər ərəb turistləri, həmçinin digər turistləri Azərbaycana cəlb edən məqamlardandır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top