Dünyanın ən varlı şirkətləri məlum oldu

ABŞ-ın dünyaca məşhur nəşri - "Forbes" jurnalı "Dünyanın ən bahalı 100 şirkəti" adlı növəti hesabatını açıqlayıb. "Yeniavaz.com" "Forbes"in hesabatına istinadən bildirir ki, 2017-ci il nəticələrinə əsasən ən bahalı 100 şirkətin məcmu dəyəri 1,95 trilyon dollar təşkil edib.

"Dünyanın ən bahalı 100 şirkəti"nin 56-sı ABŞ-a, 11-i Almaniyaya, 7-si Fransaya, 6-sı Yaponiyaya, 3-ü isə İspaniyaya məxsusdur. Bundan başqa Belçika, Koreya, Hollandiya və İsveçin hər birindən 2 şirkət, Avstriya, Çin, Danimarka və İralniyanın hər birindən isə 1 şirkət ilk 100-lüyə daxil olub.

İlk 100-lükdə 18 texnologiya, 13 maliyyə, 12 məhsul istehsalı, 11 avtomobil, 10 pərakəndə satış və digər sahələrdə fəaliyyət göstərən şirkətlər yer alıb.

"Forbes"in araşdırmasına görə, ilk sırada 170 milyard dollar dəyərində olan ABŞ-ın "Apple" şirkəti qərarlaşıb. İkinci sırada "Google" (101,8 milyard dollar), üçüncü sırada isə "Microsoft" (87 milyard dollar) yer alıb. Dördüncü sıraya yüksələn "Facebook"un qiyməti 73,5 milyard dollar, 5-ci sırada isə "Coca-Cola" (56,4 milyard dollar) qərarlaşıb.

ABŞ-dan olmayan ən qiymətli şirkət isə 8-ci sırada yer alan Yaponiyanın "Toyota" şirkəti (41,1 milyard dollar) olub. Cənubi Koreyanın "Samsung" şirkəti (38,2 milyard dollar) isə 10-cu sırada yer alıb.

Bu il ərzində dəyərini ən çox artıran şirkətlər "Amazon" (54% artım), "Facebook" (40%), "Starbucks" (24%), "Google" (23%) və "Adobe" (18%) olub. Ən çox dəyərdən düşən şirkətlər isə İBM (- 20%), HSBC (- 18%), "Caterpiller (- 11%), H&M (-11%) və "Cartier" (- 8%) olub.

Bu il ilk 100-lüyə daxil olanlar "Adobe", "Goldman Sachs", "Lowe’s", "Huawei", "Lancome", "Walgreens" və "Nivea" şirkətləri olub. "100-lüyə" tərk edənlər isə "Volkswagen", "Thomson Reuters", "Canon", "John Deere", "Uniqlo", "Prada" və RBC şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top