Regionun ən bahalı bananını kim yeyir? - SİYAHI

Hazırda region ölkələri arasında banan ən yüksək qiymətə Azərbaycanda satılır. "Yeniavaz.com"un apardığı araşdırmaya görə, region ölkələri arasında banan ən aşağı qiymətə Ukrayna və Belarusda satılır. Həm Ukraynada, həm də Belarusda bananın 1 kiloqramı təxminən 1,1 dollara satılır. Şimal qonşumuz Rusiyada bananın 1 kiloqramı Ukrayna və Belarusdan 5 sent baha - 1,15 dollara satılır. Region ölkələrindən İranda bananın qiyməti 1,35 dollara, Qazaxıstanda 1,4 dollara, Gürcüstanda 1,5 dollara, Ermənistanda 1,65 dollara, Türkiyədə 1,7 dollara bərabər olub. Azərbaycanda isə bananın satış qiyməti 1,75 dollara (3 manat) bərabərdir.

Məlumat üçün qeyd edək ki, hazırda dünyada bananın ən ucuz satıldığı ölkələrin siyahısına Misir (0,5 dollar) və Hindistan (0,7 dollar) başçılıq edir. Bananın ən baha satıldığı ölkələrin siyahısında isə ilk sıranı Cənubi Koreya (3,6 dollar) və İslandiya (3,2 dollar) tutur.

Yumurta müşavirəsi kimi banan müşavirəsi də keçirilməlidir

Bananın region ölkələri ilə müqayisədə baha olmasına münasibət bildirən iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, Azərbaycanda bananın qiyməti idxalda inhisarçılığı, milli iqtisadiyyatda isə islahatların vəziyyətini xarakterizə edən ən yaxşı indikator sayıla bilər; "Əgər xatırlayırsınızsa təxminən 1 il əvvəl gömrükdə islahatara start veriləndən, brokerlər yığışdırılandan, bir sözlə bu malın idxalı üzərində inhisarçılıq aradan qaldırılandan sonra bananın pərakəndə satış qiyməti 1 manat 25 qəpiyə qədər ucuzlaşmışdı. Lakin, çox keçmədən yenə də bazarda hökmran mövqeyə malik olan şirkət bananın qiymətini hətta 3 manat 50 qəpiyə qədər bahalaşdırdı. Hazırda Azərbaycanda dolların devalvasiyasından sonra pərakəndə satış şəbəkələri bananı 3 manata, təxminən 1 dollar 75 sentə təklif edir. Müqayisə üçün qeyd edək ki, əmək haqqı və xidmət haqlarının yüksək olduğu ABŞ-da bananın 453 qramı 59 sentə, yəni 1 kiloqramı 2 manat 21 qəpiyə, Almaniyada 2 manat 47 qəpiyədir. Azərbaycan bazarlarında ən aşağı sort bananın hətta ABŞ və Almaniyadan da baha satılması monopoliyanın əvvəlki vəziyyətə qayıtmasının və islahatların imitasiyasının ən bariz nümunəsi sayıla bilər.
Əslində mövsümi amillərin və manatın bahalaşmasının kimi əhəmiyyətli amillərin təsiri ilə Azərbaycanda bananın qiyməti ucuzlaşmalı idi. Amma əksinə bazarda bahalaşma müşahidə olunur. Əgər yumurta müşavirəsi kimi heç olmazsa bir dəfə də banan müşavirəsi keçirilsəydi, onda heç şübhəsiz ki, onun da qiyməti ucuzlaşardı".

DİGƏR XƏBƏRLƏR

Top