"Təhsil Nazirliyinin bəzi açıqlamalarından KİMLƏRSƏ YARARLANIR" - Açıqlama

Son günlər bəzi müəllimlərin kütləvi halda işdən çıxarılacaqları ilə bağlı saytlarda məlumatlar yayılıb. Qeyd olunub ki, diaqnostik qiymətləndirmənin nəticələri ilə bağlı Təhsil Nazirliyində müəyyən məlumatlar var və qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb edilərək, nəticələrini yaxşılaşdırmaq üçün onlara şans veriləcək.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə əlavə edib ki, diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin sayı kifayət qədərdir: "Ola bilsin ki, hansısa müəllim öz ərizəsi ilə işdən çıxmağa razılıq verəcək. Artıq belə hallar var, bəzi müəllimlər özləri ərizə yazaraq işdən çıxırlar".

Təhsil Nazirliyinin "saxta müəllim"lərə qarşı sərt addım atacağı məsələsinə gəlincə, Eşqi Bağırov: "Biz bu kateqoriyadan olan müəllimlərin dərs yükünün minimuma endirilməsinin tərəfdarıyıq",-deyib.

"Yeniavaz.com" xəbər verir ki, tanınmış təhsil eksperti Nadir İsrafilov bildirib ki, məntiqsiz açıqlamalardan yerli təhsil idarəetmə orqanları təzyiq kimi istifadə edirlər: "Açığını geyim ki, bu kimi "bəyanatları" oxumaqdan artıq gözümüz tor salıb. Yəni, bu şərəfli və müqəddəs peşə sahibi hesab etdiyimiz müəllimi diaqnostik qiymətləndirmə adı ilə nə vaxta qədər hallandırmaq, aşağılamaq, heysiyyatı ilə oynamaq, təhdid etmək yolu ilə əsəb və gərginlikdə saxlamaq olar? Məgər müəllimdən başqa digər peşə sahibləri yoxdur? Və ya saxta diplom əldə edilməsində "günah keçisi" təkcə müəllimdir? Axı, bu bəyanatları valideyndən tutmuş şagirdə qədər hamı oxuyur. Müəllimə qarşı onsuz da itirilmiş inam və etibarı təkrar-təkrar qabartmaq və üzə vurmaqla görəsən, nəyə nail oluruq? Nəyə görə qurunun oduna yaş da yanmalıdır? Axı bu cür məntiqsiz açıqlamalardan bir çox yerli təhsili idarəetmə orqanları digər sıravi müəllimlərə qarşı da təzyiq, qərəz və şəxsi ambisiya vasitəsi olaraq "domokl qılıncı" kimi istifadə edirlər. Bəlkə hər şeyi öz adı ilə çağıraq? Nə isə...".

Nadir İsrafilov bildirib ki, əvvəla saxta müəllim olmur, saxta diplomlu müəllim ola bilər: "İkincisi, hörmətli Eşqin Bağırov, siz "bu kateqoriyadan olan müəllimlərin dərs yükünün minimuma endirilməsinin tərəfdarı"sızsa, elə isə, bunun üçün bu millət nə iş görməlidir? Bəlkə, nəzərdə tutduğunuz minimumla əlaqədar bir normativ hazırlayıb, yerlərə göndərməyiniz və "saxta müəllim"lər və onların havadarları ilə əlaqədar görülən konkret və əməli işlərin məhz nətcələri barədə ictimaiyyəti məlumatlandırmanız daha məntiqi və faydalı olardı, nəinki, quru stress ab-havası?

DİGƏR XƏBƏRLƏR

Top