"Bir qədər diqqətli və ayıq-sayıq olmalıyıq"

"Artıq neçənci dəfədir ki, bizim mətbuat düşmənin dezinformasiyasını həqiqət kimi qəbul edib, bir qədər cəmiyyətdə çaşqınlıq yaradır. Axı, biz gözəl bilirik ki, ermənilər Şuşada bu günə kimi aeroport açmaq üçün heç cəhd də etməyiblər və edə də bilməzdilər". "Yeniavaz.com" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.

Ü. Cəfərov bildirib ki, onların istifadə etdikləri təkmotorlu o balaca təyyarələri onlar onsuz da nəzarətsiz ərazilərdə adi asfalt yollardan, ya düzənliklərdən istifadə etməklə havaya dəfələrlə qaldırıblar: "Özü də, özlərini reklam etmək üçün, hansısa qondarma qurumu təqdim etməkdən ötrü onlar vaxtaşırı videogörüntülər də çəkərək sosial mediada yerləşdirirlər. Ancaq, aeroport anlayışı tamam başqa məna daşıyır. Hesab edirəm ki, onlar o qədər ağıllarını itirməyiblər ki, Şuşa kimi bir şəhərdə bu cür avantüraya qol qoysunlar. Biz, bir qrup jurnalistlər bir müddət bundan öncə ATƏT xətti ilə İrəvana və Şuşaya, Laçına və digər ərazilərə səfərə gedəndə də, söhbətlərimiz zamanı həm yerli ermənilərdən, həm də bir vaxtlar Azərbaycandan köçüb gedənlərdən o fikri eşidirdik ki, onlar tam əmindirlər ki, gec-tez azərbaycanlılar bu yerlərə qayıdacaqlar və öz ərazilərinə sahib olacaqlar. Ona görə də, sosial medianın verdiyi imkanlardan istifadə edib, geninə-boluna hər xəbərə sərt reaksiya verən dostlarımızdan yeganə xahişim budur ki, bir qədər emossiyalarımıza sahib çıxaq. Erməni tərəfinin şişirdilmiş xəbərlərinə dərhal inanmayaq. Sözsüz ki, bu ermənilərin çoxdankı arzularıdır ki, bizim ruhumuzu qırsınlar, bizi bədbin kökə salsınlar. Və bu cür qeyri-ciddi xəbərləri ilə onlar bəzən öz çirkin niyyətlərinə qismən də olsa çatmış olurlar. Şuşada ermənilərin heç bir aeroportu olmayıb və yoxdur. Heç bundan sonra ola da bilməz. Əksini sübut edən varsa, buyursun. Düşmənlərimiz son vaxtlar öz havadarlarının aktiv köməkliyi sayəsində çox güclü informasiya müharibəsinə başlıyıblar. Ona görə də, bir qədər diqqətli və ayıq-sayıq olmalıyıq".

DİGƏR XƏBƏRLƏR

Top