Rəsmi Vyana Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olma prosesini bloka aldığına görə rəsmi Ankara Avstriyanın NATO proqramlarında iştirakını bloka alır. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, jurnalistin Türkiyənin NATO-da Vyanaya qarşı addımları barədə sualına cavab verərkən bildirib: “Çox qısa cavab verəcəm. Blok edən bloka alınar. Məsələ bu qədər sadədir”.
Xatırladaq ki, Ankara Türkiyənin Aİ-yə üzvlüyünə qarşı etiraz edən Vyananın mövqeyinə görə Avstriyanın NATO-nun bəzi proqramlarında iştirakına veto qoyub. Avstriyanın xarici işlər naziri Sebastyan Kurts daha əvvəl bildirib ki, Türkiyənin Aİ-yə üzvlüyündən söhbət gedə bilməz. O qeyd edib ki, Türkiyədə prezident üsul-idarəsinə keçid haqqında referendum Aİ-də bir çoxları üçün “qırmızı xəttin keçilməsi” və Türkiyənin Avropadan uzaqlaşmağa davam etməsinin işarəsi oldu.