"Gözdən pərdə asmaq, öz adıyla çağırmalı olsaq, riyakarlıqdır"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz" - bu sözləri Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə yüksək təmsilçisi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdikləri mətbuat konfransında deyib. "Yeniavaz.com" xəbər verir ki, millət vəkili, politoloq Sahib Əliyev məsələyə belə münasibət bildirib: "Deyib, əcəb edib. Ancaq xanım Moqerini də, beynəlxalq qurumlar və böyük dövlətlərin bu fikri tez-tez səsləndirən digər rəsmiləri də bilməlidirlər və bilirlər də ki, status-kvonun davam etməməsi üçün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə əməl olunmalıdır, yəni işğalçı Azərbaycan torpaqlarını boşaltmalıdır".

"Onlardan kimsə Ermənistandan bunu tələb edirmi? Xeyr etmir. Belə bir tələb yoxdursa, bir çoxlarının, özəlliklə də Minsk qrupunun başında duranların səsləndirdikləri "status-kvo davam edə bilməz" sözləri yumşaq desək, gözdən pərdə asmaq, öz adıyla çağırmalı olsaq isə riyakarlıqdır",-deyə deputat bildirib.

Politoloq Elxan Şahinoğlu isə erməni separatçılarının Xocalı hava limanından Şuşaya hava reysləri təşkil etmək istəmələrinə münasibət bildirib: "Erməni separatçıları təkmotorlu təyyarələr vasitəsilə işğal altındakı Xocalı hava limanından Şuşaya hava reysləri təşkil etmək istəyirlər, adını da qoyublar: "ekstremal turizm". Təxribatdır. Xocalı hava limanını neçə il əvvəl təmir ediblər, zəruri avadanlıqlar yerləşdiriblər. Ancaq uçuşlara başlaya bilmirlər, çünki bilirlər ki, həmin təyyarələr Azərbaycan hava qüvvələri və ya raket kompleksləri tərəfindən vurulacaq. Beynəlxalq Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə edir: "Dağlıq Qarabağın hava məkanı Azərbaycana aiddir və icazəsiz uçuşlar həyata keçirilə bilməz".

Buna baxmayaraq, separatçıların yanlarındakı hazır hava limanından istifadə edə bilməmələri onları əsəbləşdirir, nəsə yol axtarırlar ki, hansısa uçuşlar həyata keçirsinlər".

Politoloq bildirib ki, Azərbaycan XİN dərhal açıqlama verməli, Şuşaya istiqamətlənən istənilən təyyarənin Azərbaycanın hava məkanını pozması anlamı daşıyacağını və bunun qarşısının müvafiq tədbirlərlə alınacağı vurğulanmalıdır: "Təyyarə reyslərinə "ekstremal turizmlə" başlayacaqlar, sonra Xocalıdan İrəvana uçacaqlar, bir sözlə, ardı gələcək. Buna yol vermək olmaz".

DİGƏR XƏBƏRLƏR

Top