"Türk dünyasının ortaq dili - naxışlar"

Azərbaycan Xalça Muzeyində "Ortaq qaynaqdan çeşidli yollar" mövzusunda II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu öz işini davam etdirir. Mədəniyyət və Turizm Nazirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyənin ölkəmizdəki Mədəniyyət və Tanıtma müşavirliyi, "Z Company 2007", ATİB (Azərbaycan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, bu il ölkəmizdə ikinci dəfə reallaşan simpoziumun coğrafiyası genişdir: "Belə ki, simpoziumda türkdilli ölkələrlə yanaşı, eyni zamanda Gürcüstan, İran, İtaliya, Rusiya, Serbiya və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edirlər. Simpoziumun təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir".

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın sözlərinə görə, iştirakçı mütəxəssislər xalçaçılığın incəliklərinin və gözəlliklərinin sirlərini aşılamaqla yanaşı, bu sahədə qarışlıqlı sənətkarlıq mübadiləsi həyata keçirəcəklər.

Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım simpozimun önəmini qeyd edərək bildirib ki, tədbirin mövzusu türk xalça sənətində naxışlardır: "Bu dəfə naxışlardan istifadə etdik. Yəni bu naxışlar əslində bizim 3 milyonluq, 4 milyonluq tariximizin ən böyük sübutudur". Vurğulanıb ki, bu mövzu istənilən tarixi dövrləri - bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir.

Qeyd edək ki, simpozium mayın 24-dək akademik sessiyalarla davam edəcək. Tədbirdə 13 ölkədən 40-dan artıq sənətkar iştirak edir.

II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu çərçivəsində D.Kara Çoban adına Milli Qaqauziya Tarix və Etnoqrafiya Muzeyinin eksponatlarından ibarət sərgi açılacaq. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milli geyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top