“Hökumət məcbur qalıb qanunun xırdalıqlarını işə salmağa çalışır”

Xəbər verdiyimiz kimi, toylarda və digər mərasimlərdə iştirak edən müğənnilər, rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyəcəklər. Bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik nəzərdə tutulur. Bəs bu vergilərlə büdcədə nə dəyişəcək?

“Bu, yeni məsələ deyil, bunu yenilik kimi təqdim etməyə ehtiyac yoxdur”. Bu sözləri “Yeniavaz.com”a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli dedi. Ekspertin sözlərinə görə, bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan respublikasının digər qanunları ilə tənzimlənən məsələdir: “Ölkədə pul qazanan, sahibkarlıqla məşğul olan hər bir vətəndaş müəyyən mənada vergiyə cəlb olunub, dövlətə vergi verməlidir. Bu, bütün dünyada belədir. Lakin bir məsələ var. Bizdə indi mətbuatda eşidilir ki, qulluqçulardan da, mənzil kirayə verənlərdən də vergi almaq istiyirlər. Əslində qanunda bu var idi. İndiyədək Azərbaycan Respublikasının dövlət büdcəsi əsasən neft gəlirlərindən formalaşırdı. Yəni büdcənin gəlirinin 2007-ci ildən bəri 70-80 faizi neft gəlirlərindən və ya neft sənayesinin fəaliyyətindən daxil olan vəsaitlər hesabına formalaşırdı. Azərbaycan bunu o vaxt tətbiq etməkdə maraqlı deyildi. Büdcəni doldurmaq lazım idisə. asan yolla. transferlə doldururdular. İndi artıq 2017-ci il üçün dövlət büdcəsini doldurmaq problemə çevrilib. Ona görə də hökümət məcburiyyət qarşısında qalıb qanunun xırdalıqlarını işə salmağa çalışır. Bu da cəmiyyətdə yeni qanun kimi başa düşülür. Bircə fərq ondan ibarətdir ki, onda büdcəni doldura bilirdilər, lakin indi neftin ucuzlaşması nəticəsində gəlir azalıb, hökumət daha çox vergilərə üstünlük verməyə çalışır. Mən hesab edirəm ki, qanunla ev kirayə verən şəxslər də vergi ödəyicisi olmalıdır. Təəssüflər olsun ki, çox nadir hallarda biz ev kirayələrinin rəsmiləşdirildiyini və buna görə vergi ödənildiyini görə bilərik. Bu gün dövlətin əsas problemlərindən biri dövlət büdcəsini doldurmaqdır. Az qazanandan az, çox qazanandan isə çox vergi alınmalıdır”.

İqtisadçı ekspert Rəşad Həsənovun isə mövzu ilə bağlı sualımıza cavabı belə oldu: “Neftin ucuzlaşması, dövlət gəlirlərinin azalması büdcə üçün böyük risklər yaradır. Ona görə də hər hansı sahə ilə məşğul olan vətəndaşların fəaliyətinin leqallığının təmin edilməsi, iqtisadi mühitin qanuniləşdirilməsi müsbət hal hesab olunur. Bir tərəfdən də dövlət büdcəsinin gəlirlərinin artımına müəyyən qədər təsir göstərir. Təbii ki, burada diferensial yanaşma qoyulubdur. Regionlarla paytaxt bir-birindən fərqləndirilir və gəlirlərin səviyyəsinə uyğun olaraq böyük ehtimalla uyğunlaşdırılır. Düşünürəm ki, istənilən halda hər hansı fəaliyyət növü ilə məşğul olan insanların dövlət büdcəsinə gəlir ödəməsi, amma digərlərinin ödəməməsi sosial ədəalətsizliyin formasıdır. Məhz bu yanaşmanın, diskriminasiyanın aradan qaldırılması baxımından müsbət haldır. Hər bir halda dövlət büdcəsində ciddi dəyişiklikdən söhbət getmir. Amma müəyyən mənada qeyri-neft gəlirləri büdcəyə müsbət təsir göstərəcək”.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top