Türkiyə ABŞ-a etiraz notası verdi

ABŞ-ın Türkiyədəki səfiri Con Bass ölkənin Xarici İşlər Nazirliyinə çağrılaraq ona Ankaranın şifahi və yazılı etirazı çatdırılıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı Türkiyənin ABŞ-dakı səfirliyinin Dəftərxanasının qarşısında yerli təhlükəsizlik xidməti əməkdaşlarının XİN başçısı Mövlüd Çavuşoğlunun mühafizə heyətinə qarşı qeyri-peşəkar və diplomatik qaydaların əksinə olaraq hücum xarakterli davranışları olub. Türkiyə XİN ABŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparmasını və Ankaraya lazımi açıqlamalar verməsini rəsmi olaraq tələb edib. ABŞ səfiri ilə görüşdə o da diqqətə çatdırılıb ki, R. T. Ərdoğanın Vaşinqtonda olduğu zaman qarşılaşılan və ABŞ hakimiyyətinin səfərin bütün mərhələlərində lazımi tədbirlər görməməsi səbəbindən qaynaqlanan təhlükəsizlik problemləri ümumilikdə hər baxımdan uğurla başa çatan səfərə kölgə salmayacaq.

Xatırladaq ki, R. T. Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyənin Vaşinqtondakı səfirliyinin iqamətgahı qarşısında toplaşan PYD/PKK terror təşkilatının tərəfdarları ilə orada yaşayan türklər və Türkiyə təhlükəsizlik xidmətinin əməkdaşları arasında dava düşmüşdü. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Bunun ardından mayın 17-də Türkiyənin bu ölkədəki səfiri Sərdar Kılıç ABŞ Dövlət Departamentinə çağırılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top