Gömrük Komitəsindən açıqlanan statistik göstəricilər arasında ciddi fərqlər mövcuddur. "Yeniavaz.com" saytında bu mövzuda əvvəllər də yazılıb. Lakin görünən odur ki, Gömrük Komitəsinin əməkdaşları statistika sahəsində yeni "möcüzə"lər yaratmağa davam edirlər. Bu gün Dövlət Statistika Komitəsinin saytında "2017-ci ilin yanvar-mart aylarında təbii qazın paylanması haqqında" adlı məlumat yayımlanıb. Həmin məlumatda qeyd olunur ki, bu ilin yanvar-mart aylarında 2 milyard 357,2 milyon kub metr təbii qaz ixrac olunub və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2% çox olub. Bu isə o deməkdir ki, ötən ilin ilk 3 ayı ərzində 2,3 milyard kub metrdən çox təbii qaz ixrac olunub (foto1). Halbuki Dövlət Gömrük Komitəsinin ötən ilin eyni dövrü - yanvar-mart ayları üçün açıqladığı hesabatda (bax: http://customs.gov.az/az/faydali/gomruk-statistikasi/) qeyd olunur ki, sayğac göstəriciləri əsasında ölkədən 2 milyard 459 milyon kub metr təbii qaz ixrac olunub (foto2).
Gömrük bəyannamələri əsasında isə 597,6 milyon kub metr təbii qaz ixrac olunub. Həmin məlumatda göstərilir ki, bu miqdarda təbii qazın gömrük dəyəri 95 milyon 413 min dollar təşkil edib (foto3). Ancaq bir il sonra 2017-ci ilin yanvar-mart ayları üçün açıqlanan analoji hesabatda göstərilir ki, ötən ilin, yəni 2016-cı ilin yanvar-mart aylarında ölkədən 468,2 milyon kub metr təbii qaz ixrac olunub və bu miqdarda təbii qazın gömrük dəyəri 63 milyon 486 min dollar təşkil edib (foto4). Rəqəmlərdən də göründüyü kimi, bir il fərqlə açıqlanan və eyni dövrə - 2016-cı ilin yanvar-mart aylarına aid olan göstəricilərdə ciddi fərqlər mövcuddur.
Belə ki, eyni dövrə aid olan iki hesabat arasında təbii qazın miqdarında 129,4 milyon kub metr, gömrük dəyəri arasında isə 31,9 milyon dollar fərq var.
Bu statistika "möcüzə"sinin necə baş verdiyini öyrənmək üçün suallarımızı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundova məxsus olduğu bildirilən "[email protected]" ünvanına yolladıq.
Əgər həmin ünvandan bu statistika "möcüzə"nə hər hansı bir münasibət gələrsə yazıya əlavə olunacaq...
foto1
foto2
foto3
foto4