Döyüldüyünü iddia edən hüquqşünas dövlətə müraciət edib

Bakıda bir çoxlarının marağına və təəccübünə səbəb olan hadisə baş verib. "Yeniavaz.com" saytının məlumatına görə, bu barədə hüquqşünas, Bakı Dövlət Universitetinin müəllimi Faiq Əlizadə sosial şəbəkədəki səhifəsində məlumat verib.

"Axır ki, mən də bir post yazası və bu dövlətə sığınası oldum. 20.05.2017-ci il tarixində öz "Hunday Tucson" markalı avtomobilimlə "Globus center"in zirzəmisindəki dayanacağa daxil oldum və maşını insan ayağı dəyməyən bir yerdə saxlayıb çıxışa doğru hərəkət etməyə başladım. Təzəcə tərpənmişdim ki, bir qolu zorlu mənə arxadan yaxınlaşaraq qolumdan bərk yapışdı və sürətli şəkildə bir sənəd göstərərək, onunla getməli olduğumu bildirdi və məni sürütləməyə başladı. Dedim ay qardaş, hara deyirsən gedək, amma bir sənədini və özünü normal şəkildə təqdim elə və məni nə üçün və hara aparmaq istədiyini de, sonra gedək. "Görəcəksən səni hara aparıram" deyərək, məni sürütləməyə davam etdi və həmkarına qışqırdı ki, maşını yaxınlaşdır.

Artıq mən qərar verdim ki, belə nə əməliyyat olar, nə də əməliyyatçı. İnsan heç bir məlumat vermir və məni maşına salmağa tələsir. Mən başladım ümidsiz formada "köməy eləyin" deyə qışqırmağa və maşına məni salmalarını şahid gələnədək ləngitməyə. Belə olan təqdirdə mənim sifət nahiyəmə yumruqlar yönəlməyə başladı. Həyatımda hələ özümə bu qədər hörmətsizlik görməmişdim, nə də təsəvvürümə gətirə bilərdim. Düşünün, günahsız bir hüquqşünasın, Bakı Dövlət Universitetinin müəlliminin əsassız və səbəbsiz yerə şillələnməsindən, təhqir olunmasından, qorxudulmasından, yumruqdan və şillədən insan üçün ağır nə ola bilər?! Onu itələməyə çalışdım və qışqırmağa davam etdim. Bir də ayıldım ki, bir küçə fəndi ilə məni yerə sərdi və "qandalı gətir dedi" öz dəstə yoldaşına. Həmin an dayanacağa baxan şahid də artıq yaxınlaşmışdı. Şahidin sualına dəstə üzvü bildirdi ki, "bunu narkotiklə tutmuşuq, narahat olmayın". Mən isə öz növbəmdə xahiş edirəm, "maşının nömrəsini götürün" deyə qışqırdım.

Xülasə, basdılar məni maşına və dayanacaqdan çıxası olduq. Mən tam olaraq nə baş verdiyini anlamadım. Birinci dedilər ki, sən adam vurub qaçmısan. Tam detallarına kimi bunun gülməli bir söhbət olduğunu inamla və qorxmadan izah edə-edə 4-5 yumruq da maşının içində "yedim". Sonra maşın çıxdı dayanacaqdan və yolun kənarında dayandı.

Qapı açıldı başqa bir nəfər yaxınlaşdı maşına. Dedim qardaş, mən səni tanıyıram, səni mən "posyolka"da dayanacaqda görmüşəm. Yox cavabi gədi. Yenə dedim və qaqaş çıxıb getdi".

Hüquqşünas bildirib ki, bundan 3 dəqiqə sonra rəis deyə maşına dəvət etdikləri 35-40 yaşlarında bir nəfər gəldi. Yumruq sədaları altında bunları başa saldım ki, mənim üzərimdən də, maşınımdan da narkotik çıxa bilər, amma bütün dünya yığılsa, mənə sübut edə bilməzsiniz ki, mən narkotik çəkmişəm. Əlqərəz, işin belə olduğunu hiss edən dəstə üzvlərini rəis vəziyyətdən çıxarası oldu və əsas qolu zorlunu başqa sözlə desək, boksyoru maşından çölə çağırdı.

Maşına qayıdanda yeni ssenari vardı - sənin cibini yoxlayacağıq. Narkotik çıxsa, pis olacaq. Dedim mənim cibimə hansısa bir mərdimazar narkotik salmayıbsa, oradan nakotik çıxa bilməz. Hətta oradan nəsə çıxsa da onu heç kim sübut edə bilməz. Əlini cibimə atanda rəis ləqəbli şəxsin əlini saxladım yoxlamaq üçün. Ssenarinin davamı olaraq rəis bildirdi ki, biz sən deyən mərdimazarlardan deyilik və belə hərəkət eləyən də belə-belə olsun söyüşü eşidildi. Ciblərimdən başqa bir şey çıxmadı. Yumruqlar səngimişdi. Sonuncu gediş bu oldu ki, maşınını yoxlayacağıq. Oradan nəsə çıxsa bizdən incimə. Ya da nəsə varsa, gedək çayxanaya söhbət edək. Elə oldu ki, maşınım yoxlanılmadan buraxılası oldum".

"Həqiqətən də heç bir yerə müraciət etmək fikrim yox idi. Lakin, hadisədən 7 saat sonra başımda və döş nahiyəmin altında olan ağrıların və yaxın dostumun təkidi ilə "Semaşko"ya gedəsi oldum və 102-ə zəng vurdum. 102-dən bildirildi ki, bölmədən 15-20 dəqiqə ərzində zəng gələcək. Artıq 2,5 saat keçib, ortada bir şey yoxdur. Hələ ki, cənab nazirə müraciət etməmişəm. Görək 32 ildir təhlükəsizliyinə sığındığımız, uğrunda çalışdığımız dövlətimiz bunları necə cəzalandıracaq",-deyə hüquqşünas bildirib.

Ehsan Zahidov: "102-ə məlumat verilibsə, araşdırılacaq"

Qeyd edək ki, Faiq Əlizadənin verdiyi bu məlumat artıq sosial şəbəkədə bir çox səhifələrdə paylaşılıb və müzakirələrə səbəb olub. Bütün bunları nəzərə alaraq, "Yeniavaz.com" saytı olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polkovnik-leytenant Ehsan Zahidovla əlaqə saxladıq.

E. Zahidov Faiq Əlizadəni tanımadığını və onun gündəmə gətirdiyi bu məsələdən xəbərsiz olduğunu bildirdi. "Onun dediyi adamlar kim olub ki?", "Bəs niyə şikayət eləməyib" suallarını bizə verən Ehsan Zahidov qeyd edib ki, "əgər həmin şəxs 102-ə müraciət edibsə, araşdırılacaq".

Ehsan Zahidovdan daha ətraflı məlumat almaq istədikdə məsələnin araşdırılacağını bildirdi.

Məsələ ilə bağlı nazirlikdən daha ətraflı məlumat almağa çalışacağıq.

DİGƏR XƏBƏRLƏR

Top