Ötən həftə Çexiyanın paytaxtı Praqada "qanuni oğrular"ın tacqoyma mərasimində iştirak edən və diplomatik pasportu olan Ruben Tatulyanın (Robson) həbsi beynəlxalq aləmdə prezident Serj Sarkisyanın mafiya ilə əlaqələrinin olduğu və onun çirkli pulların yuyulmasında əli olduğu barədə ehtimalların gündəmə gəlməsinə səbəb olub. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı Birinci kanala müsahibəsində insan hüquqları müdafiəçisi Artur Sakunts Sarkisyanı, həmçinin eks prezident Köçəryanı kriminal aləmlə əlbir iş görməkdə günahlandırıb: "Mən başa düşmürəm ki, kriminal aləmlə sıx əlaqəsi olan adamlara diplomatik paspotları kimlər verir. Bu özbaşınalığın nəticəsidr ki, ara-sıra erməni diplomatların adları kriminal aləmlə sıx əlaqələrdə hallandırılır. Ruben Tatulyanla bağlı baş verənlər də bunu sübut etməkdədir. Tatulyan diplomatik pasporta görə həbsdən canını qurtara bilib. Ancaq söhbət onun həbs edilib-edilməməsindən deyil, Sarkisyanla sıx münasibətlərdə olmasından gedir. Bu yaxınlarda İspaniyada həbs edilən və kriminal aləmlə sıx əlaqəsi olan işadamı ilə Sarkisyanın internetdə yayılan şəkli də onun kriminal aləmlə sıx əlaqədə olduğunu göstərir. Eyni sözləri eks prezident Robert Köçəryan haqqında da demək olar. Hadisələrin gedişi göstərir ki, Serj Sarkisyan və Robert Köçəryan kriminal aləmin üzvlərinə çevriliblər. Əlbəttə, bunu onlar tərəfindən Ermənistan iqtisadiyyatına sərmayə qoyulmasına cəhd kimi dəyərləndrimək olar. Ancaq bu, bütün hallarda çirkli pulların yuyulmasında iştirak etmək deməkdir. Bununla da Ermənistan faktiki olaraq beynəlxalq korrupsiya sisteminin bir hissəsinə çevrilmiş olur. Bu, Ermənistanın təhlükəsizliyini də şübhə altında qoya bilər. Belə hesab edirəm ki, dövlət təhlükəsizliyi xidməti, Baş prokurorluq və digər müvafiq qurumlar məsələni araşdırmalı və müvafiq tədbirlər həyata keçirməli, günahkarları cəzalandırmalıdırlar. Amma təəssüflər olsun ki, dövlətin təhlükəsizliyinə cavabdeh qurumlar baş verənlərlə bağlı susmaqda davam edirlər".