Helsinki Vətəndaş Assambleyası:"Ermənistan girovları qaytarmaq istəmir"

Erməni silahlı birləşmələri tərəfindən saxlanılan və qanunsuz olaraq həbs edilən girovlar-Dilqəm Əsəgərov və Şahbaz Quliyevlə bağlı məsələdə aparılan danışıqlar uğursuzdur.

Bu haqda Modern.az-a Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva bildirib.

O bildirib ki, Helsinki Vətəndaş Assambleyasının erməni tərəfində olan əməkdaşları mütəmadi olaraq girovlara baş çəkir, onları nəzarətdə saxlayırlar:

“Amma təəssüf ki, onların geri qayatarılması ilə bağlı hər hansı nəticə, yeni addımlar yoxdur. Qeyd edim ki, əslində əsir və girov düşənlərlə bağlı məsələlər Qırmızı Xaç Komitəsinin vasitəsilə çox tez həll olunur. Hazırda Dilqəm və Şahbazla bağlı bizim qarşımızı kəsən şey onlara “cinayət işi” açılmasıdır. Onların məsələsində irəli sürülən “ittiham” çox ağırdır.Ermənilər azərbaycanlıları ölümdə günahlandırırlar. Dilqəm və Şahbaz cinayətin ölən Həsən Həsənov tərəfindən baş verdiyini sübut etməyə çalışsalar da, buna nail ola bilməyiblər. İttiham çox ağır olduğuna görə əsaslı addımlar atmaq faktiki olaraq mümkün deyil”.

Hüquq müdafiəçisi eyni zamanda, əsir və girovların birdəfəlik qaytarılması üçün Avropa Şurası ilə danışıqların davam etdiyini açıqlayıb:

“Avropa Şurasının baş katibi Yoqland bu məsələni daim diqqətdə saxlayır və mütəmadi olaraq bizimlə müzakirə edir. Onunla apardığımız müzakirələrdə əsas məqsəd erməni tərəfindən girovlar və əsirlərin hamısının birdəfəlik azad olunması ilə bağlıdır. Onu da deyim ki, Dilqəm və Şahbazla yanaşı, Elnur Hüseynzadənin də məsələsi diqqətimizdədir”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə gedən soydaşımız Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Digər vətəndaşımız Elnur Hüseynzadə 2017-ci ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə keçib. Separatçı rejim onun hərbçi olduğunu iddia etsə də, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis edilib, ermənilərin əlinə düşən vaxt hərbi xidmətdə olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top