Zaqatalada ifaçının uşaqlar qarşısında hərəkəti müzakirəyə səbəb olub - AÇIQLAMA (VİDEO)

Zaqatala rayonunda keçirilən konsert proqramında səhnədə çıxış edən müğənninin hərəkətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. "Yeniavaz.com" saytı xəbər verir ki, yayılmış videoda ifaçının məhz uşaqların qarşısında əcaib rəqslər etməsi vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Konsertin nə vaxt və nə münasibətlə keçirilməsi barədə ətraflı məlumat verilmir.

Sosial şəbəkələrdə ən çox qınaq obyekti olun isə həmin müğənninin məhz uşaqların qarşısında etdiyi əcaib hərəkətlərdir. "Yeniavaz.com" saytı bununla bağlı Zaqatala Rayon İcra Hakimiyyətinin, Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəsmi şəxslərindən münasibət öyrənib.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Nizami Abdullayev saytımıza açıqlamasında bu konsertdən xəbərsiz olduğunu bildirib. N. Abdullayev deyib ki, sosial şəbəkələrdə yayılan həmin videodan da xəbərsizdir: "Ay qardaş, mən nə bilim ey nəyə çıxıb ora? Konsertdir də"...

Nizami Abdullayev bu sözlərdən sonra telefonu qapadıb.

Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva həmin tədbirlə bağlı bunları dedi: "Parkdır, istirahət yeridir, yəni səhnəsi var buranın. Hər bir kəs orada belə bir tədbir keçirə bilər. Parkın rəhbərliyi bunlara nəzarət eləyir. Həmin şəxs bu rayonun sakinidir. Bilmirəm, nə vaxt keçirilən konsertdir, nədir. Həmin ifaçı əvvəllər - uşaq olanda digər tədbirlərdə iştirak eləyirdi. Lakin imicini dəyişəndən sonra dövlət tədbirlərində iştirak etmir. Yəqin ki, sizin bəhs elədiyiniz də dövlət tədbiri deyil, özünün göstərdiyi hansısa bir şousu ola bilər. Həmin tədbir dövlət tədbiri ola bilməz, çünki dövlət tədbirləri tam nəzarət altında olur. Biz nəzarət edirik onlara. Səhnə həmin konsert zamanı qurulmayıb orada, həmişə var. Yay ərzində həmin parkda insanların gündəlik istirahəti təmin olunur. Bunlar hamısı bizim nəzarətimizlə olur. Bu konserti isə bilmirəm".

Zümrüd Ağakişiyeva Burhan adlı həmin ifaçını uşaqlıqdan tanıdığını deyib: "Həmin ifaçının çox gözəl ailəsi var, özü də çox gözəl şagird idi. Sonrası isə yəqin ki, bioloji bir prosesdir və onu biz qiymətləndirə bilmərik. Həmin şəxs çox da istedadlı oğlandır, çox gözəl səsi var. Amma yenə deyirəm, imicini dəyişəndən sonra biz onu konsertlərə dəvət eləməmişik".

zaqatala

DİGƏR XƏBƏRLƏR

Top