Səhnəmizin Ərəbzəngisi

Qəmər xala kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi "Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq" sözləri yaddaşlara həkk olunub. Bilmirəm, bilirsiniz ya yox, bu rolu canlandıran Xalq artisti Həqiqət xanım Rzayeva (1907 - 2.8.1969) olub. O, "Ögey ana" filmində Qəmər xala obrazını o qədər təbii oynayıb ki... Bu filmi seyr edəndə onun nəinki bir opera müğənnisi, həmçinin istedadlı kino aktrisası olduğunu görürük. Bu gün Həqiqət xanım Rzayevanın anadan olduğu gündür.

Həqiqət xanım Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərilərimizdən biridir. Onun yaradıcılığının milli musiqi sənətimizin inkişafında müstəsna yeri var. Üzeyir bəylə tanışlığı, üstəlik bəstəkar Müslüm Maqomayevdən "Şah İsmayıl" operasına dəvət alması və Ərəbzəngi rolunda uğurlu çıxışı 20 yaşlı Həqiqət xanımın həyatında yeni bir dövrün başlanğıcını qoyub. Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynayıb və sənətsevərlərə sevdirib. Elə Leylini də böyük istedadla ifa edib. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə canlandırıb. Əfsuslar olsun ki, həmin tamaşalardan bir dənə də olsun lent yazısı qalmayıb.

Azərbaycan xalq mahnı və muğamlarını böyük məhəbbətlə sevən və təbliğ edən görkəmli sənətkar 1969-cu il avqustun 2-də, 62 yaşında dünyasını dəyişib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top