Supermarketlərdə ONLAYN xidmətlər: nə adı var nə özü... SİYAHI

Bildiyimiz kimi, xarici ölkələrdə onlayn ticarət sürətlə genişlənməkdədir. Ticarət mərkəzləri, supermarketlər öz məhsullarını internet və sosial şəbəkələr üzərindən müştərilərə təqdim etməyə başlayıblar. Bəs görəsən Azərbaycanda bu sahədə vəziyyət necədir? Maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən supermarketlər müştərilərə hansı onlayn xidmətlər təklif edir? Nəzərə almaq lazımdır ki, son illər Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) tətbiq olunduğu sahələr sürətlə genişlənməkdədir. Xüsusilə internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. "Yeniavaz.com" İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats - İWS) açıqladığı sonuncu hesabata istinadən bildirir ki, Azərbaycanda əhalinin 7,53 milyon nəfəri və ya 75,5%-i internetdən istifadə edir. "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin sayı isə 1 milyon 800 min nəfərdən çoxdur. Bəs görəsən, bu qədər geniş auditoriyası olan bir şəbəkədən ölkədə fəaliyyət göstərən supermarketlər necə bəhrələnir və onlara hansı xidmətləri təqdim edirlər?

"Yeniavaz.com"un apardığımız araşdırma göstərir ki, hazırda əksər supermarketlərin veb-səhifələri və "Facebook" sosial şəbəkəsində səhifələri mövcuddur. İlk müraciət etdiyimiz ölkənin aparıcı supermarketlər şəbəkəsinə sahib olan "Araz" marketə məxsus - "arazmarket.az" saytı oldu. Saytda onlayn sifarişlər üçün heç bir xidmət mövcud deyil. Saytda marketin məhsulları, xidmətləri barədə məlumatlar yer alıb. Saytın 3 dildə fəaliyyət göstərdiyi barədə qeyd olsa da yalnız Azərbaycan dili bölməsi aktivdir. Marketin "Facebook" sosial şəbəkəsindəki səhifəsində də onlayn xidmətlə bağlı heç bir məlumat mövcud deyil

Nəzərə alsaq ki, son zamanlar ölkəmizə gələn turistlərin sayı da artmaqdadır və əksər hallarda turistlər təqdim olunan xidmətləri məhz internet üzərindən satın almağa çalışırlar, bu zaman vəziyyətin bir o qədər də ürəkaçan olmadığını görəcəyik.

"Makromart" supermarketlər şəbəkəsinə məxsus - "makromart.az" saytında da onlayn xidmətlə bağlı heç bir məlumata rast gəlinmir. Lakin "Araz" və "Neptun" marketlərinin saytlarından fəqrli olaraq "Makromart"a məxsus veb-saytda Azərbaycan dilinə paralel olaraq Rus və İngilis dillərində də təqdimatlar mövcuddur.

Digər bir supermarket "Bazarstore"nin - "bazarstore.az" saytına daxil olduğumuz zaman qarşımıza onlayn xidmətlərin mövcud olduğunu göstərən "Sifariş vermək" və "ödəmək" bölmələrinə rast gəlirik. Lakin, bu bölmələrə daxil olmaq istədiyimiz zaman aktiv olmadığına şahid oluruq... "bazarstore.az" saytında da digər dillərdə heç bir məlumata rast gəlmək mümkün deyil.

"Bravo" supermarketlər şəbəkəsinin - "bravosupermarket.az" saytında da onlayn xidmətlər bölməsi mövcud deyil. Bu saytda onlayn xidmətlər bölməsi olmasa da məlumatlar Azərbaycan dili ilə bərabər ingilis dilində də təqdim olunmaqdadır...

Aparıcı supermarketlərdən olan "Grandmart"ın - "grandmart.az" saytında da onlayn xidmət bölməsi yoxdur. Eyni zamanda digər dillərdə də məlumatlar mövcud deyil. "arazmarket.az" saytında olduğu kimi "grandmart.az"da da saytın 3 dildə fəaliyyət göstərdiyi barədə qeyd olsa da məlumatlar yalnız Azərbaycan dilində yerləşdirilib.

Bənzər vəziyyət "Fresco" supermarketlər şəbəkəsinə məxsus - "fresco.az" saytında da müşahidə edilməkdədir. Bu saytda da nə onlayn xidmətlər bölməsinə, nə də başqa dillərdə məlumatlara rast gəlmək mümkündür. Mareketin "Facebook" sosial şəbəkəsində səhifəsindəki "Onlayn Alış-Veriş" bölməsinə daxil olduğumuz zaman (sayta yönəldir) ayrı-ayrı məhsulları təqdim edir və bildirir ki, bunları mağazalarımızdan ala bilərsiniz...

Saytın 3 dildə fəaliyyət göstərdiyi barədə qeyd olsa da yalnız Azərbaycan dilində məlumatların mövcud olduğu veb-saytlardan biri də "Rahat" marketlər şəbəkəsinə məxsus - "rahatmarket.az"dır. Digər supermarketlərin saytlarında olduğu kimi "rahatmarket.az" onlayn xidmətlərlə bağlı heç bir məlumat mövcud deyil.

Onlayn xidmətlər yalnız bir marketdə....

Başqa bir aparıcı supermarket "Neptun" marketin - "neptun.az" saytına daxil olduğumuz zaman burada "Onlayn xidmətlər" bölməsinə rast gəlmək mümkün olur. Digər supermarketlərə məxsus veb-saytlardan fərqli olaraq "neptun.az" saytındakı onlayn xidmətlər bölməsi aktivdir. Həmin xidmətə "Neptun" marketin "Facebook" sosial şəbəkəsindəki səhifəsindən də daxil olmaq mümkündür. Lakin "neptun.az"da da başqa dillərdə heç bir təqdimat mövcud deyil...

DİGƏR XƏBƏRLƏR

Top