Valyuta ehtiyatlarındakı azalma səngimək bilmir​

Ötən ay Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 59,8 milyon dollar və ya 1,4% azalaraq 4 milyard 132,7 milyon dollara düşüb. "Yeniavaz.az" Mərkəzi Bankın açıqladığı rəqəmlərə istinadən bildirir ki, cari ilin əvvəli ilə müqayisədə, yəni son 9 ay ərzində MB-nin valyuta ehtiyatları 884 milyon dollar və ya 17,6% azalıb. Ötən ilin sentyabr ayı ilə müqayisədə isə valyuta ehtiyatlarının həcmində 41,1% və ya 2 milyard 822 milyon dollar azalma olub. Qeyd edək ki, MB-nin valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə - 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan - avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. 2014-cü ilin avqustunda baş verən azalma dünya bazarlarında xam neftin ucuzlaşması ilə bağlı olub. Lakin həmin ilin dekabr ayından başlayaraq MB-nin valyuta ehtiyatları kəskin azalmağa başlayıb. 2014-cü ilin dekabr ayında valyuta ehtiyatları 1 milyard 238 milyon dollar, 2015-ci ilin yanvar ayında 1 milyard 77,5 milyon, fevralı ayında 1 milyard 676,4 milyon, mart ayında 1 milyard 532,4 milyon dollar, aprel ayında isə qeyd etdiyimiz kimi 1 milyard 84,2 milyon dollar azalıb. Nəticədə 5 ay ərzində valyuta ehyiyatları 6 milyard 608,4 milyon dollar aşağı düşüb. Bu azalmanın əsas səbəbi isə əhalinin manata olan inamsızlığıdır. Belə ki, ötən ilin fevral ayının 23-dən - manatın 1 gecədə 34% dəyərdən düşməsindən əvvəl insanlar dolların bahalaşacağı ehtimalını nəzərə alaraq əllərindəki milli valyutanı dollara çevirməyə başladılar. Bu proses devalvasiyadan sonra da davam etdi və nəticədə yuxarıda qeyd etdiyimiz statistik göstəricilər ortaya çıxdı.

Məlumat üçün onu da bildirək ki, MB-nin valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. 2014-cü ildə 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb. ötən ilki azalma isə 2,7 dəfə təşkil edib.

A.C.

DİGƏR XƏBƏRLƏR

Top