Gürcüstan Azərbaycana kartof ixracını kəskin artırıb: kiloqramı 24 qəpiyə

Cari ilin yanvar-aprel ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 45,5 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 56% artıb. "Yeniavaz.com" Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 6-cı ölkə olub. Cari ilin ilk 4 ayında Gürcüstanın ümumi ixracının 5,8%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerlərdə Rusiya (ilk 4 ərzində 125,2 milyon dollar), Çin (78,1 milyon dollar), Türkiyə 78,1 milyon dollar), Bolqarıstan (54,2 milyon dollar) və Ermənistan (49,1 milyon dollar) gəlir.

Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin orta qiyməti 25,9 min dollar olub

Gürcüstandan Azərbaycana 4 ay ərzində ən çox avtomobil ixrac olunub - 9,27 milyon dollar. Son 4 ay ərzində Gürcüstandan Azərbaycana 357 ədəd avtomobil gətirilib və bir ədəd avtomobilin orta qiyməti 25,9 min dollar təşkil edib. Keçən illə müqayisədə qonşu ölkədən gətirilən avtomobillərin sayı 137 ədəd çox olub. Məlumat üçün bildirək ki, ötən ilin ilk 4 ayında Gürxüstandan gətirilən avtomobillərin orta qiyməti 32,2 min dollar olub. Bundan başqa qara metallar və onlardan hazırlanan məhsullar (ilk 4 ay ərzində 4,64 milyon dollar) və tibbi avadanlıqlarlar da (5,27 milyon dollar) ən çox ixrac olunan məhsullardan olub. İxracda diqqət çəkən məqamlardan biri Gürcüstandan Azərbaycana kartof ixracının kəskin armasıdır. Keçən il qonşu ölkədən Azərbaycana kartof gətirilmədiyi halda, bu ilin ilk 4 ayı ərzində 32,8 min ton kartof ixrac olunub. Kartofun bir kiloqramının gömrük dəyəri 14 sent (24 qəpik) təıkil edib.

Azərbaycan Türkiyədən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 4 ayında Azərbaycandan 227,2 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 44,2% artıb. Bu məhsulların 136,3 milyon dolları neft və təbii qazın, 28,6 milyon dolları neft və neft məhsullarının payına düşüb. Eyni zamanda 4 ay ərzində 28,6 milyon dollar dəyərində elektrik enerjisi idxal edib. Qeyd edək ki, Azərbaycandan Gürcüstana satılan elektrik enerjisi dəyər ifadəsində 23,5 dəfə artıb.

Azərbaycan Türkiyədən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 4 ay ərzində Türkiyədən 376,2 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Rusiya (216,3 milyon dollar), Çin (163,2 milyon dollar), Almaniya (144,1 milyon dollar), Ukrayna (118,5 milyon dollar), Ermənistan (89,6 milyon dollar) və ABŞ (80milyon dollar) gəlir.

DİGƏR XƏBƏRLƏR

Top