Neft, qaz və neft məhsullarının ixracı azalıb

Əvvəlki illərdə olduğu kimi cari ilin ilk 11 ayı ərzində xarici ölkələrə ən çox xam neft ixrac olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 5 milyard 895 milyon dollar dəyərində xam neft göndərilib ki, bu da ümumi ixracın 70,9%-ni təşkil edib. Qeyd edək ki, 2015-ci ilin ilk 11 ayında bu məhsulun ümumi ixracdakı payı 71,4% olub. Eyni zamanda ötən illə müqayisədə xam neftin ixracı 5,1% azalıb. Dəyər ifadəsində isə azalma daha çox olub. Belə ki, ötən il xaricə satılan 20,1 milyon ton xam neftin dəyəri 8,26 milyard dollar təşkli etmişdisə, bu il 19,1 milyon xam neftin dəyəri 5,89 milyard dollar təşkil edib.

Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 925,1 milyon dollar təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə təbii qazın ixracı daha çox - 36,2% azalıb. Təbii qazdan sonra xarici ölkələrə ən çox neft məhsulları ixrac edilib ki, onu da dəyəri 358,3 milyon dollara bərabər olub. Neft məhsullarının ixracı da kəskin azalıb. 2015-cü ilin yanvar-noyabr ayları ilə müqayisdə neft məhsullarının ixracı 47,9% aşağı düşüb.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, həmçinin bitki və heyvan mənşəli yağlar gəlir. Cari ilin ilk 11 ayı ərzində xarici ölkələrə 336,4 milyon dollar dəyərində meyvə-tərəvəz, 90,2 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 87,5 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 86,2 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 59,8 milyon dollarlıq şəkər, 53,7 milyon dollarlıq kimya sinayesi məhsulları satılıb.

DİGƏR XƏBƏRLƏR

Top