"Nazirlik "WhatsApp" və "Skype"la bağlı hələ rəsmi açıqlama verməyib"

"Son zamanlarda bir çox internet istifadəçilərimiz, hətta texnologiyalardan uzaq olanlar da internet resurslara giriş üçün VPN texnologiyalar, anonim serverlər, anonim şəbəkələr və TOR brouzerlərlə maraqlanmağa başlayıblar". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri ekspert Osman Gündüz bildirib.

"Təbii ki bu, qanunvericilikdəki son dəyişiklikdən sonra bəzi internet media resursların, xüsusilə də son günlərdə "WhatsApp" və "Skype" kimi resursların bloklanması ilə bağlıdır.

Bu tendensiya mənə "Skype" proqramının yaradılmasının kökündə duran ideyanı, daha doğrusu, buna gətirib çıxaran mühiti xatırlatdı.

"Skype" proqramının ideyasında internetə qoşulmuş kompüterlər arasında məlumatın, səsin ötürülməsi dayanırdı.

Keçmiş sovet rəhbərliyi Baltikyanı ölkələrin universitetlərini o zaman üçün təhlükəli hesab olunan ictimai-siyasi elmlərdən uzaqlaşdırmaq üçün daha çox texnologiya tərəfə yönəltmişdilər.

Proqnozlaşdıra bilməyiblər ki bu, onlara daha baha başa gələ bilər.

Sovet rejimində telefon rabitəsi kifayət qədər mühafizəkar sistem olub. Hər üç Baltik ölkəsi sovet rejimi üçün həmişə başağrısı olub, onları nəzarətdə saxlamaq üçün həm də klassik telefon infrastrukturundan çox istifadə olunub. Güman ki, 2000-ci ilin əvvələrində, az-çox texnoloji biliklərə yiyələnən, "Skype" proqram təminatını hazırlamış olan estoniyalı proqramçıların ağıllarına gəlib ki, necə etmək olar ki, telefon danışığını, səsin ötürülməsini daha sərbəst mühit olan internet üzərindən, uzaq məsafələrdə olan kompüterlər arasında həyata keçirmək mümkün olsun. Və nətiəcədə məşhur "Skype" proqramı yaranıb. Odur ki, hər bir pisdə yaxşı axtararaq, düşünürəm ki, indiki anda bizdə həyata keçirilən bloklanma, bəlkə də gələcəkdə hansısa yeni bir startapın da əmələ gəlməsini stimullaşdıra bilər. Qeyd edim ki, tənzimləyici qurum olan Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi hələ də "WhatsApp" və "Skype"la bağlı məhdudiyyətlər haqqında rəsmi açıqlama verməyib".

DİGƏR XƏBƏRLƏR

Top