Damara qoyulan stendlərin yararlılıq müddəti nə qədərdir? - Kardioloqdan açıqlama

Hər il Azərbaycanda minlərlə insan ürəyinə stend qoydurur. Əslində stendə ehtiyacı olan xəstələrin sayı daha çoxdur, lakin bir çoxları maddi imkansızlıq ucbatından bunu etdirə bilmir. Bəs stendə ehtiyacı olan insanların sayının bu qədər artmasının səbəbi nədir? Axı əvvəl belə deyildi. Mövzu ilə bağlı "Yeniavaz.com" saytının suallarını Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli suallarını cavablandırdı.

Rafiq Yusiflinin sözlərinə görə, dünyada ürək xəstələrinin sayı hər yerdə artır: "Bunun isə səbəbləri çoxdur. Hər şeyin - ekologiyanın, insanların həyat tərzinin, qidalanmanın, siqaretin bütün bunlara ciddi təsiri var. Bu birinci səbəb.

İkincisi, deyirlər ki, Azərbaycanda stend çox qoyulur, ehtiyac oldu-olmadı, hamıya stend qoyurlar. Mən özüm stend qoyan həkim deyiləm, ola bilər ki, 3-5 faiz nə isə yanılma olar, amma Amerikada stendə ehtiyacı olan 1000 xəstənin 700-nə stend qoyulursa, Azərbaycanda 30-na, uzağı 70-nə qoyulur, ya da qoyulmur. Çünki bizdə hələ sığorta təbabəti oturuşmadığına görə, camaatın maddi imkanı olmadığına görə qoydurmurlar".

"Belə getsə, xəstəliyin cavanlaşmasından yox, uşaqlaşmasından danışacağıq"

Rafiq Yusiflinin dediyinə görə, bir çoxlarına stend qoyulması həyatı göstərişdir: "Elə xəstələr var ki, ona stend qoyulmasına 100 faiz ehtiyac var. Mən gündə 10 xəstəyə baxıramsa, görürəm ki, bunun 3-nə stend qoyulmalıdır. Lakin maddi durumunun hesabına, çətinliklərin hesabına onlar bunu etdirə bilmirlər. Əvvəlki dövrdəki xəstəliyin yayılma tərzi ilə indiki bir deyil. İndi həyat çox intensivləşib. Bu yaxınlarda mənə sual verdilər ki, xəstəliklər cavanlaşıb, bəs bunun səbəbi nədir? Mən də cavab verdim ki, belə getsə, xəstəliyin cavanlaşmasından yox, uşaqlaşmasından danışacağıq. 10 yaşında, 12 yaşında uşaqlar bütün günü kompyüterin qarşısında uzanırlar, piylənirlər, hərəkət eləmirlər. Elələri var ki, 13 yaşından etibarən siqaret çəkməyə başlayırlar. Belə belə problemlər artır. Qabaqlar bu dərəcədə deyildi axı. Əvvəllər uşaqların həyətdə səsi kəsilmirdi, amma çıxın həyətinizə baxın, görün, əvvəlki kimidirmi? Əksəriyyət oturur evdə - kompyuterin qarşısında".

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda 20-25 yaşında ürəyinə stend qoyulanlar da var.

"Stend xəstəliyi tamamilə sağaltmır"

"Bəs stend qoyulması ürəkdəki problemi birdəfəlik həll edirmi?" sualımıza Rafiq Yusiflinin cavabı belə oldu: "Daralmış damardır - stend həmin yeri aradan qaldırır, daralmanı götürür. Bu o demək deyil ki, stend xəstəliyi tamamilə sağaldır. Stend həmin yeri sağaldır, həmin yerdə daralmanı azaldır. Lakin stend qoyulan şəxs əgər yenə də siqaret çəkəcək, araq içəcək, yağlı yeməkləri yeyəcəksə, stend qoyulmuş yerin özündə də, ətrafında da infarkt əmələ gələ bilər. Əgər ürək damarının bir yerində 30 faiz tutulma, digərində 80 faiz tutulma varsa, görürsən, bir neçə il sonra həmin 30 faizlik daralma da olur 80 faiz və stendə ehtiyac olur. Bir misal çəkmək istəyirəm - deyək ki, sizin dişlərinizdən birində kariyes var və stomotoloq onu təmizləyib plomb qoyur. Stend qoydurmaq da təxminən belə bir şeydir. Əgər dişinizə baxmayacaqsınızsa, sabah başqa birində kariyes olacaq".

"Stendin içində də bəzən daralmalar olur"

Stendlərin yararlılıq müddətinə gəlincə, R. Yusifli: "Qoyulan stend insanın ömrünün axırına kimi ordadır, dəyişdiriləsi şey deyil. Amma bəzən görürsən ki, stendin özündə də müəyyən problemlər yarana bilir. Stendin içində bəzən daralmalar olur. Hətta elə olur ki, qoyulmuş stendin özünün içərisinə təzədən stend qoyurlar. Belə bir hallar da var",-dedi.

Kardioloq tövsiyələrini də verdi: "Birinci növbədə mən insanlara sağlam həyat tərzini unutmamağı, buna əməl etməyi məsləhət görərdim. Səhiyyənin gücü hesabına insanların sağlamlığını 10 faiz yaxşılaşdırmaq mümkündür. Ekologiyanı yaxşılaşdırarsan, insan sağlamlığı 20 faiz düzələr. İrsiyyəti yaxşılaşdırmaqla, bunları nəzərə almaqla insan sağlığındakı problemləri 20 faiz həll etmək olar. Yerdə qalan 50 faiz insanların həyat tərzindən asılıdır. Aktiv hərəkətlərdə olmaq, siqaretdən uzaq olmaq, xolesterinli qidalardan uzaq olmağa çalışmaq lazımdır. Əsəb gərginliyindən uzaq olmaq lazımdır. Əgər səndə xəstəliyə müəyyən bir meyillilik varsa, valideynlərində bu xəstəlik varsa, heç olmasa 40 yaşından sonra müayinələrdən keçmək vacibdir. Qanda xolesterin yuxarıdırsa, onunla mübarizə aparmaq lazımdır. Atan siqaret çəkib infarkt olubsa, gərək sən çəkməyəsən, çəkini normal saxlayasan. Daha diqqətli olmaq lazımdır. Belə-belə şeylərsiz mümkün deyil. İnsan ömrünün uzadılmasında bunların hamısının rolu var".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top