Bakıda donuzların sayı kəskin azalıb: Kolbasa istehsalında isə kəskin artım var

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, ölkə ərazisində 4529 baş donuz mövcud olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuzların sayı 13,4% və ya 698 baş azalıb. Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı Bakı şəhərində kəskin şəkildə aşağı düşüb. Belə ki, 2016-cı ilin ilk 3 ayının yekununda Bakı şəhərində 422 baş donuz olduğu halda bu ilin ilk 3 ayının yekununda cəmi 54 baş donuz qalıb. Rəqəmlərdən də göründüyü kimi Bakı şəhərində donuzların sayı son bir ildə 8 dəfə azalıb. Azalma Abşeron rayonunda da yüksək olub. Abşeronda son bir ildə donuzların sayı 4,3 dəfə və 400 baş azalaraq 520 başdan 120 başa düşüb. Digər rayonlarda isə donuzların sayında ciddi azalma qeydə alınmayıb. Bəzi rayonlarda isə artım müşahidə olunub.

Məlumat üçün qeyd edək ki, Bakı və Abşeronda donuzların sayındakı kəskin azalmaya paralel olaraq kolbasa istehsalında kəskin artım qeydə alınıb. Komitənin məlumatından belə görünür ki, bu ilin ilk 4 ayında Azərbaycanda 1784 ton kolbasa istehsal olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə kolbasa istehsalı 2,1 dəfə artıb. Halbuki, hesabat dövrü ərzində Azərbaycanda nə iribuynuzlu heyvanların (azalma 0,5%), nə də qoyun və keçilərin (azalma 0,1%) sayında kəskin azalma baş verməyib. Bu dövürdə ölkədə ət istehsalı da cüzi - cəmi 0,9% artıb.

DİGƏR XƏBƏRLƏR

Top