Azərbaycanda boşanmaların olmadığı yeganə rayon hansıdır? RƏSMİ MƏLUMAT

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 13 min 305 nigah, 3 min 611 boşanma qeydə alınıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nigahların sayı 6,6% (938 nigah) azalıb, boşanmaların sayı isə əksinə 13,6% (433 boşanma) artıb. Komitənin məlumatlarından belə görünür ki, bu ilin ilk 3 ayı ərzində istisnasız olaraq Azərbaycanın bütün rayon və şəhərlərində nigahlar qeydə alınıb. Boşanmalara gəldikdə isə qeyd edək ki, yalnız 1 rayon istisna olmaqla digər rayon və şəhərlərdə boşanmalar olub. Bu ilin ilk 3 ayı ərzində yalnız Xızı rayonunda boşanma qeydə alınmayıb. İlin ilk rübündə Xızıda 22 nigah qeydə alınıb, lakin heç bir boşanma olmayıb. Ümumiyyətlə isə boşanma halları ən çox Bakı şəhərində qeydə alınıb. Yanvar-mart aylarında Bakıda 2957 nigah, 1134 boşanma qeydə alınıb. Bu da o deməkdir ki, boşananların sayı nigaha girənlərin 38,3%-i səviyyəsində olub. Bu göstərici üzrə ən yüksək nisbət Xankəndi şəhərində qeydə alınıb. Xankəndi şəhərində 3 ay ərzində 4 nigah və 3 boşanma qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top