Azərbaycanda iş yerləri niyə bağlanır? Komitə səbəblərini AÇIQLADI

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənən üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 aprel 2017-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 526,2 min olmaqla 430,7 min daimi iş yerləri açılıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-ci ilin I rübü ərzində ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 87,5 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 23,1 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 76,2 faizi regionların, o cümlədən 25,7 faizi Aran, 13,9 faizi Lənkəran, 11,3 faizi Gəncə-Qazax, 5,8 faizi Dağlıq Şirvan, 5,7 faizi Şəki-Zaqatala, 5,6 faizi Abşeron, 4,7 faizi Quba-Xaçmaz, 3,2 faizi Yuxarı Qarabağ, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 5,8 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 13,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,1 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılan daimi iş yerlərinin 24,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 20 faizi tikinti, 8,4 faizi emal sənayesi, 6,6 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 4,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 15,7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2017-ci ilin I rübü ərzində ölkədə 9,1 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 81 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,6 faizi fərdi sahibkarlıq subyektlərinin, 5,6 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 30,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top