
"Bu gün birbaşa hərbi mövzudan deyil, hərbi sahə ilə bağlı bir məsələdən, problemdən sizləri agah etmək istəyirəm. İmkan daxilində mətbuatda olan dostlardan bu mövzunu işıqlandırmağı çox xahiş edirəm. Söhbət hökumətin bəzi strukturlarının, konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Səlim Müslümovun və onun tabeçiliyində olan, vaxtilə onun özünün rəhbəri olduğu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayevin və onun tabeçiliyində olan bəzi şəxslərin özbaşınalığından və saymazyanalığından, vətəndaşların müraciət və şikayətlərinə biganə və səhlənkar yanaşmasından gedir". "Yeniavaz.com" xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib.
"Hesab edirəm ki, tez bir zamanda adı çəkilən ƏƏSMN-də, komitələrdə, bəzi agentlik və fondlarda ciddi ixtisar və modernləşmə işləri aparılmalıdır. Əgər mənim başıma bu biabırçılıq və özbaşınalıq gətirilirsə, görün mətbuata çıxışı olmayan və sadə insanların başına hansı özbaşınalıqlar gətirilir. Dediklərimlə əyani tanış olmaq istəyirsinizsə, yazacağım faktları yoxlayın və özünüz də görəcəksiniz ki, necə biganəlik və özbaşınalıq hökm sürür. Bu gün sizə şəxsən rastlaşdığım və iştrakçısı olduğum bir əcaib və sözlə deyiləsi mümkün olmayan hadisədən danışacağam. 1996-cı ildə oğlunu döyüş bölgəsində hərbi xidmət dövründə itirmiş valideynə kömək məqsədi ilə onun pozulmuş hüquqları ilə bağlı aidiyyəti qurumlar, sonra isə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət ünvanladıq. Məhkəmə tərəfindən may ayının 17-nə, yəni bu günə iclas təyin edilmişdi. Mən də ayın əvvəlində rəsmi ərizə ilə DSMF-nun direktoru Z. Babayevin adına müraciət ünvanladım.
12 gün ərzində - mayın 4-dən 16-dək əvvəl ƏƏSMN-nin 142 xidmətindən, sonra isə 012 434-60-51 saylı telefondan DSMF-nin ümumi şöbəsindən mən dəfələrlə ərizə ilə bağlı gün ərzində bəlkə də 5-10 dəfə müraciət etməyimə baxmayaraq, müraciətlə bağlı bir nəfər düz-əməlli cavab vermədi. Mayın 16-da isə şəxsən DSMF-da bir saatdan artıq müddətdə şəxsən bu məsələni araşdırmağa çalışsam da, mənə hansısa Eyvaz müəllimin yerində olmadığını, saat 16-da olacağını deyib, guya mənimlə əlaqə saxlayacaqlarını bildirdilər. Amma, həmişə olduğu kimi yalan və səhlənkarlıq nəticəsində gah 012 434 12 34, 012 432 51 75, 012 434 10 02, 012 433 01 90 saylı telefonlara etdiyim saysız-hesabsız zənglərə bir nəfər cavab vermədi. Ümumiyyətlə, bu qurumda sanki dövlət idarəsi deyil, öz şəxsi şirkətləri və ya obyektləri kimi xidməti telefonlara cavab vermək mədəniyyəti hələ də formalaşmayıb.
Hesab edirəm ki, yaxın günlərdə mənim tərəfimdən Şəhid Ailəsinə qarşı edilən saymazyana münasibətə görə, həm ƏƏSM naziri Səlim Müslümov, həm də DSMF-nin direktoru haqqında tədbir görülməsi üçün əvvəl Prezident Admistrasiyasına və Nazirlər Kabinetinə məlumat veriləcəkdir. Daha sonra isə digər məmur və nazirlərə görk olsun deyə, adıçəkilən səhlənkar şəxslərə qarşı tərdbir görülməsi üçün məhkəmə qaydasında iddia qaldırılacaqdır.
ƏƏSM naziri Səlim Müslümova və DSMF-nin direktoru Zakir Babayevə səslənərək demək istəyirəm ki, hörmətli məmurlar, Sizin bəlkə də vəzifə səlahiyyətlərini anlamayan və bilməyən çoxsaylı əməkdaşlarınızdır ki, bu gün Azərbaycanın əksər şəhər və rayonlarından keçirilən qəbullar zamanı çoxsaylı şikayətlər və narazılıqlar edirlər. Vətən yolunda övladını itirmiş valideynlərə isə həm sizin, həm də bizim hamımızın borcudur ki, son dərəcə diqqətlə, qayğı ilə münasibət göstərilsin. Bundan əlavə, onu da qeyd edim ki, ƏƏSM naziri kimi Səlim Müslümovun hələ biz Qarabağ müharibəsi veteranları ilə bağlı 2012-ci ilin mayın 1-dən DSMF-nin rəhbəri olarkən qəbul etdiyi qanunsuz qərar da bu günə kimi aradan qaldırılmayıb. Baxmayaraq ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Məhkəməsinin bu məsələ ilə bağlı kokret qərarı var",-deyə Üzeyir Cəfərov qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz