Skype və Whatsapp-la zənglərin qarşısı niyə alınıb?

Bir neçə gündür ki, Skype və Whatsapp ilə xaricə zəng etməkdə problemlər yaşanır. Zənglər baş tutsa da, səs gəlmir və ya qısa müddət sonra əlaqə kəsilir. Bəs bunun səbəbi nə ola bilər? "Yeniavaz.com" saytı xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri, ekspert Osman Gündüz məsələyə belə münasibət bildirib: "Hamı bunun səbəbini axtarır və soruşur. Elə bizdən də. Düşünürəm ki, bu məsələyə aydınlıq gətirəsi yeganə qurum Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyidir (NRYTN). Hələlik sektorda tənzimləyici qurum bu nazirlikdir. Təəssüf ki, bu qurum da rəsmi açıqlama verməyib.

Apardığımız araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN-nin göstərişi ilə mobil operatorlar və "backbone" provayderlər tərəfindən həyata keçirilib. Bizdə artıq çox doğru olaraq praktika formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır. Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil ki, internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur.

Atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır. Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı NRYTN-nin açıqlama verməsi doğru olardı. Xüsusən də bizdə artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var. Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır.

Fikrimcə, hökumətin bu tip global resurslarla əməkdaşlıq etməsi, onların ölkəmizə dəvət edilməsi, onların resurslarının burada yerləşdirilməsi istiqamətidə işlərin aparılması daha doğru addım olardı. Ən yüksək standartlı, regionda ən nəhəng Regional Data Mərkəzin, həmçinin "Delta Telekom"un Data Mərkəzlərinin olduğunu nəzərə alsaq, bu cür bloklanmanın da gələcəkdə bu Mərkəzlərin biznesinə də problem yaradacağını düşünürəm. Hansı ki bu resurslar ölkəyə xeyli valyuta gətirə bilərdilər",-deyə ekspert vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top