Yerli yazarlardan kimlər oxunur? - Yazarların özü cavablandırır

Məşhur yazıçı Frans Kafkanın belə bir fikri var: "Çevrəmdəki və içimdəki səsləri eşitməmək, hüzursuzluğumdan qurtulmaq üçün yazıram". Ölkədə həm nəsr, həm də nəzm sahəsində yazan yetərincə yazarlar var. Bu dəfə "yerli yazarlardan kimləri oxuyursunuz" sualını elə yerli qələm sahiblərindən soruşduq. Fikirləri təqdim edirik.

Səlim Babullaoğlu (şair): "Mən gözümə dəyən bütün yazıları oxuyuram. Eyni zamanda mənə göndərilən yazıları da oxuyuram. Məsələn, yaxın zamanlarda "Kanal 15"də Ruzbeh Məmmədin şeirlərini oxudum. Elşən Mehdinin yazıb paylaşdığı şeirlər, Elvin Paşa, Azər Elşadoğlu, Rəşad Nağı, Aqşin Evrən, Seymur Su, Elbəyi Cəlaloğlunun "9-cu meydan hekayələr" kitabını, Ülviyyə Tahirin hekayələr toplusunu oxudum. Bu yaxınlarda mənə rumin-moldav şairlərinin yeni nəslinə aid nümayəndələrinin poeziya antologiyasını hədiyyə elədilər oxuyuram, oxumaqdayam. Dünən - bugün Seyid Aynur və Kazım adlı gənc şairləri özüm üçün kəşf elədim. Hər gün nəsə oxuyuram"

Murad Köhnəqala (şair): "Son vaxtlar yerlilərimizin böyük janrda heç bir əsərini oxumamışam".

Əsəd Cahangir (ədəbi tənqidçi): "Bu gün ədəb-bədii düşüncəmizdə neomaarifçilik mərhələsi başlayır, Axundov maarifçiliyi başa çatır. Bədii söz özünə qayıdır. İnsani və ilahi intellektin sintezi gedir. Bu prosesi əks etdirən yazçılar arasında bir neçəsi özəl seçilir - xalq yazıçısı Elçin, Afaq Məsud, Həmid Herisçi və İlqar Fəhmi. İlk roman və hətta nəsr cəhdi olmasına rəğmən, Sona Vəliyevanın "İşığa gedən yol" romanı da bu yöndən mənim üçün maraqlı oldu. Bu yazıçıların yaradıcılığında iki bir-birinə zidd məqam - Füzuli və Axundov məqamları sintez olunur. Mən ədəbiyyatımızın gələcək inkişaf perspektivini bu sintezdə görürəm. Amma bu konsepsiyadan kənar da maraqla oxuduğum müəlliflər var - nasirlərdən, Aslan Quliyev, Kamil Əfsəroğlu, Eyvaz Zeynalov, Etimad Başkeçid, Natiq Məmmədli, Sayman Aruz, İkinci Mahmud, Mirmehdi Ağaoğlu, Cavid Zeynallı, Elxan Qaraqan, şairlərdən Könül Arif, Alik Əlioğlu, Hədiyə Şəfaqət, Fərid Hüseyn, Emin Piri, Fəridə Məmmədova, Aqşin Evrən, Xatirə Nurgül, Ruslan Dost Əli, Vasif Zöhraboğlu və digərləri mənə maraqlıdır".

Ləman Ələşrəfqızı (jurnalist): "İndi əlimdə Dilbər Axundzadənin "Müşfiqli günlərim" xatirə memuarı var, onu oxuyuram. Əlbəttə, o yazar deyildi, amma bu gün bu kitabı oxuduğum üçün qeyd etdim. Kənan Hacının "Fironun gündəliyi" romanı növbəti oxuyacağım kitabdır. Paralel şəkildə Aqşin Evrenin şeirlərini oxuyuram. Hansılar ki, son həftələrdə kitab təqdimatları ediblər, həmin imza günlərində iştirak etməyə çalışıram və aldığım kitabları da oxuyuram. Ayxan Ayvazın "Buri"sini bir ay əvvəl oxudum. Qan Turalının "Fələk qırmıncı" da oxuduğum kitablar sırasındadır".

Günel Natiq (yazar): "Çağdaş ədəbiyyatdan mümkün qədər hali olmağa çalışıram. Yaxın vaxtlarda Kənan Hacının "Fironun dəftəri" romanı çap olunub. Oxudum, gözəl təsir oyatdı. Kənan bəydə nostalgiya çox güclüdür, bu hisslər onun hər əsərində özünü biruzə verir. Ədəbi aləmdə çox əks-səda doğurmuş Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" kitabını oxumağa hazırlaşıram, qələm dostlarımız romanı elə incəliyinə qədər təhlil ediblər ki, əsərə laqeyd qalmaq, ordakı deyim və ifadələrdən təsirlənməmək olmur... Əsərin poeziyası hələ uzaqdan oxucunu özünə çəkir... Qan Turalının "Fələyin qırmancı" əsərini də məmnuniyyətlə mütaliə etdim, sözsüz 21-ci əsrin ən parlaq romanlarından biridir, əsərin dili məni xüsusilə valeh elədi. Mübariz Örənin "Ağ buludlar"ı, Aqşin Evrenin "Mənfi sənsiz dərəcə"si, Ayxan Ayvazın "Buri"si , Şəhriyar del Geraninin "Darıxmağın adı" rəğbətlə qarşılanmış yeni nəşrlərdəndir, mən də bu mehr-məhəbbətə biganə qala bilmərəm... Ruzbeh Məmmədin yeni kitabını səbirsizliklə gözləyirəm, bilirəm ki, Ruzbeh yenə poeziyasevərləri yaxşı mənada təəccübləndirəcək və bizi orijinal fikirlərlə baş-başa qoyacaq. Bu mənada Oğuz Ayvazın da yeni şeirlər kitabını gözləyirik. Bu günlərdə ustad yazıçı Məmməd Orucun yenicə çap olunmuş üç romandan ibarət kitabı təqdim olundu. Bu kitab gənc nəsil üçün bir ədəbiyyat dərsliyi də hesab oluna bilər. Əsərlərindən bəhrələndiyim bir yazıçı olan Məmməd Orucun bu kitabı da bütün ədəbiyyatsevərlər kimi mənim üçün xüsusilə böyük töhfə oldu".

Pərviz Cəbrayıl (şair): "Düzü, son vaxtlar oxumağa heç macalım yoxdu. Yeni kitablar çıxır, alıram, ancaq heç cür vaxt tapa bilmirəm. Necə ki, haçansa vaxt tapıb özüm yaza biləcəyimə ümid eləyirəm, eləcə də onları oxuyacağıma inanıram".

Tərlan Əbilov (şair): "Yerli nasirlərdən demək olar ki, heç nə oxumuram. Sonuncu dəfə Qafar Cəfərlidən "Namus yarası" adlı bir povest oxumuşam. Sevgili şeirə gəlincə, Səlim Babullaoğlunun, Aqşinin, Dalğa Xatınoğlunun, Qismətin, Bahar Zamanovanın, Xəyalə Sevilin və başqalarının şeirlərini oxuyuram..."

Rasim Qaraca (şair): "Ayxan Ayvazın, Şərif Ağayarın, Kənan Hacının yeni çıxan kitablarını paralel oxuyuram. Mübariz Örənin "Ağ bayraqlar" romanını da oxumaq üçün ayırmışam".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top