"Zenit-raket kompleksinin məhv edilməsi Ermənistana xəbərdarlıqdır"

Xəbər verdiyimiz kimi, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA" zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA" zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

"Yeniavaz.com" xəbər verir ki, millət vəkili Sahib Əliyev bunun Ermənistana bir xəbərdarlıq olduğunu bildirib: "Ermənistana ötürülən və oradan da Dağlıq Qarabağa gətirilərək ön mövqeyə çıxarılan "OSA" zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşınının dəqiq raket zərbəsiylə sıradan çıxarılması, ən azı 5 nəfərlik şəxsi heyətinin də məhv edilməsi xəbərdarlıqdır. İlk növbədə düşmənə edilən xəbərdarlıqdır ki, onlar gəlib bizim torpaqlarda 45 kilometr radiusda hava məkanımızı nəzarət altına almaq istəyərlərsə, cavabları bu olacaq. Ancaq bununla təkcə düşmənə deyil, ona "OSA" və digər hərbi texnikaları ötürənlərə də xəbərdarlıq edilir ki, separatçılar 9 Mayda Moskva və Sankt-Peterburqun küçələrində "bayraq" adlandırdıqları öz əski parçalarını dalğalandıra, siz də bunu görməzlikdən gələ bilərsiniz, ancaq Ermənistana verdiklərinizin gətirilib işğal altındakı torpaqlarımızda yerləşdirilməsinə biz göz yummayacağıq. Eyni zamanda Azərbaycan ona qarşı yönələn digər addımları da cavabsız qoymayacaq. "OSA" zenit-raket kompleksinin məhz həmən addımlardan birinin atıldığı gündə, yəni mayın 15-də darmadağın edilməsi, fikrimcə, həm də bu demək idi".

DİGƏR XƏBƏRLƏR

Top