Səudiyyə Ərəbistanı-Rusiya razılaşması neftin qiymətini artırdı

Neft hasilatının azaldılması haqqında sazişin əsas iştirakçıları Rusiya və Səudiyyə Ərəbistanı prosesə cəlb edilmiş digər dövlətləri sövdələşməni daha doqquz ay – 2018-ci ilin martınadək uzatmağa çağırır. “Yeniavaz.com”un “Euronews”a istinadən verdiyi məlumata görə, bu barədə Pekində “Bir kəmər – bir yol” forumu çərçivəsində iki ölkənin energetika nazirləri Aleksandr Novak və Xəlid əl-Falihin birgə bəyanatında deyilir. Səudiyyə Ərəbistanının energetika naziri bildirib: “Belə nəticəyə gəldik ki, sazişin müddətini uzatmaq lazımdır, biz iyunun sonunadək arzuedilən ehtiyat səviyyəsinə çatmayacağıq”. A. Novak isə deyib: “Hesab edirik ki, bazarlarda sabitliyə nail olmağa yönəlmiş ümumi işimizin davamı üçün ən azı gələn ilin aprelin 1-dək sazişin müddətinin uzadılması məqsədəuyğundur”. Nazirlərin bəyanatı neftin qiymətinin artmasına gətirib çıxarıb. “Brent” markalı neftin 1 barelinin qiyməti 3 faiz bahalaşaraq 52 dolları ötüb. Sazişin müddətinin uzadılması məsələsinə mayın 24-də Vyanada baxılacaq.

DİGƏR XƏBƏRLƏR

Top