"Məhkəmə əvvəldən də bloklanmış bəzi internet media resurslarının bloklanması haqqında qərar qəbul edib. Qərar qəbul edərkən yenicə qəbul edilmiş qanunvericiliyə istinad edib. Hansı ki, bu qanunvericiliyə uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcədən də qapatdığı bu internet resursların "deyure" bağlanması üçün məhkəməyə müraciət etmişdi". "Yeniavaz.com" saytının xəbərinə görə, belə bir fikiri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz irəli sürüb. O. Gündüz qeyd edib ki, hazırda Qanunun tətbiqi ilə bağlı bəzi ciddi suallar qarşıya çıxıb:
"1. Əgər internet resursda qadağan olunmuş informasiya varsa, konkret həmin internet səhifə - həmin link bağlanmalıdır, yoxsa bütövlükdə sayt? Yəni, kitabxanada qadağan olunmuş bir kitab varsa, kitabxananın qapısını bağlayırıq yoxsa, həmin kitabın əldə olunmasını məhdudlaşdırırıq? Görünən budur ki hazırda 1-ciyə üstünlük verilib. Fikrimcə, bu yanlış yanaşmadır. Əgər texnologiya imkan verirsə ki konkret linkə blok qoyulsun, düşünürəm ki, belə halda bütöv portala blok qoyulması yanlışdır".
Osman Gündüz iddia edib ki, qapadılma ilə bağlı müraciətlərin əsaslandırılmasında, hakimlərin bu tip məhkəmə işlərinə hazırlığında problemlər var: "Düşünürəm ki bu məqsədlə bir neçə hakimin və ya elə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yerləşdiyi ərazidəki məhkəmə hakimlərinin texnologiya ilə, internetlə əlaqəli məhkəmə baxışlarına hazırlanması üçün ciddi hazırlıqlar aparılmalıdır.
3. Növbətçi-operativ məhkəmələr olmalıdır. Əgər sabah Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yenidən hansısa xəbər portalını məhkəmə qərarı olmadan bağladacaqsa, bu resurs 5 gün hansısa məhkəmə baxışını gözləməli deyil. Bunun üçün xarici təcrübədə olduğu kimi operativ bir məhkəmə, peşəkar bir hakım olmalıdır ki məsələyə dərhal baxa bilsin.
4. Düşünürəm ki, ümumiyyətlə, yeni dəyişikliklərin və onun icra mexanizminin təkmilləşdirilməsi və beynəlxalq normalara, yerli qanunvericiliyin tələblərinə maksimum uyğunlaşdırılması istqamətində maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmalı, təkliflər hazırlanmalıdır".
"İndiki məqamda Azərbaycan İnternetinin, internet medianın inkişafının əngəllənməsi heç bir halda bizim milli maraqlarımıza uyğun deyil. Əgər qapadılan internet resurslara ölkə ərazisindən giriş hazırda VPN və anonim serverlər vasitəsilə, digər domenlər vasitəsilə mümkündürsə, onda, ümumiyyətlə, bu tip bloklanmanın hansı əhəmiyyət kəsb etməsi də düşündürücüdür",-deyə Osman Gündüz bildirib.