“Rusiyanın əmrinə birinci Azərbaycan tabe oldu” - Laçının İŞĞALI

Bir neçə gündən sonra Laçın rayonunun işğalının 25-ci ildönümü tamam olacaq.

1992-ci il may ayının 18-də işğalçı Ermənistan rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.

Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Həmçinin, Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.

İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.

Laçının işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsindəki müsahibi o zaman Laçında məktəb müəllimi işləmiş İlqar Şahverdiyevdir. O, 1992-cü ilin 14 mayını ürək ağrısı ilə xatırlayır...

“Laçın uşaqları döyüşmək üçün bizdən silah istəyirdilər”

“Mayın 14-cü Laçında vəziyyət gərgin idi. Ermənilər hər tərəfdən hücuma keçmişdilər. Biz laçınlılar da onlarla mübarizə aparırdıq. Bütün istiqamətlərdən atılan toplar, ağır artelliyeriyadan açılan atəş Laçının işğalını labüd edirdi. Həmin vaxt Minkənddə orta məktəb müəllimi idim. Həmin məktəb 1890-cı ildə fəaliyyətə başlayıb. Həmin məktəbin 120 illiyini 2012-ci ildə Bakıda qeyd etdik. Minkənd məktəbini bitirənlərin 19 nəfəri şəhid olub. Onlardan biri 20 Yanvar şəhididir. Yerdə qalanlar Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub. Həmin vaxt Laçında məktəblər bağlı idi. Buna baxmayaraq, bizim kəndin uşaqları məktəbə gəlirdi. 10-cu, 11-ci sinif şagirdləri bizə deyirdi ki, bizə də silah verin.

Düşmənə qarşı vuruşaq. Uşaqlar belə vətənpərvər ruhda idi. Amma biz uşaqları silah qarşısına çıxartmırdıq. Həmin vaxt rəsmi olmasa da hamı işə gəlirdi. Mayın 14-dən sonra vəziyyət daha da gərginləşməyə başladı. Artıq hiss olunurdu ki, Laçından çıxıb harasa getmək lazımdır. Ya Kəlbəcər tərəfə, ya da yol açıq olsa uşaqları sakit bir əraziyə daşımağa ehtiyac vardı”.

Yalan vədlər və laçınlıların sönməyən ümidi

Müsahibimiz deyir ki, gərginliyə baxmayaraq, Laçının işğal olunacağını gözləmirdilər

“O zaman müdafiə naziri Rəhim Qazıyev idi. O, Laçının işğalına qədər ora gəlmişdi. Bir dəfə o zamankı AXC liderlərindən Etibar Məmmədov da gəlmişdi. Laçındakı vəziyyətlə yaxından maraqlanmışdı. Təbii ki, vəziyət çox gərgin idi. Hər birimiz kömək edilməsini istəyirdik. Çünki Laçının işğalı bütün Qarabağın işğalı demək idi. Laçın çox böyük ərazi idi. 126 kəndi vardı.

Laçının müdafiə olunması üçün mütləq şəkildə hakimiyyət nümayəndələri ilə görüşmək lazım idi. Nə vaxt hakimiyyətdə təmsil olunanlardan kömək istəyirdiksə, “başımızı yastığa qoyurdular”. Yalan vədlər verirdilər. Ona görə də bizə heç bir kömək gəlmədi. 1992-ci ilin fevralında Xocalı faciəsi törədilmişdi. Şuşa işğal olunmuşdu. Amma laçınlıların içində bir ümid vardı. Ona görə də Laçının işğal olunacağını gözləmirdik. Erməni-rus qoşunlarının birgə hücumu laçınlıları öz doğma torpaqlarından didərgin saldı”.

“Əhalidən silahların yığılması bir siyasət idi”

İlqar Şahverdiyev rusların əhalidən silah toplamaq əmrinə Azərbaycan hakimiyyətinin birinci tabe olmasını təəssüflə qeyd edir.

“Laçın camaatı qoçaq idi. Lazım gəlsə, Naxçıvana keçməklə ərzaq gətirmək gücündə idik. Sadəcə olaraq erməni-rus birləşmələri eyni vaxtda Laçını işğala məruz qoyurdu. Bu da bizim Laçından kömək məqsədilə başqa yerə getməyimizi əngəlləyirdi. Laçınlıların ciddi ərzaq problemi yox idi. Əsas məsələ silahımızın olmaması idi. Silah problemi Qarabağ münaqişəsi ortaya atılandan sonra yarandı. Nə qədər silah-sursatlarımız vardısa, hamısı toplandı. Əsasən azərbaycanlılar yaşayan ərazidə əhalidən silahları yığırdılar. Ermənilər isə avtomat silahlarla təmin edilmişdilər. Təəssüf ki, Rusiya tərəfindən verilən göstəriş birinci bizdə tətbiq olunurdu. Görünür, bu da bir siyasət idi. Hər şey silahların yığılması ilə başlamışdı. Nəticəsi də göz qabağındadır.

Topun, tüfəngin altında öz torpağını məcburən tərk etmək çox çətindir. Heç bir xalqın başına belə bir faciənin gətirilməməsini arzulayıram. Hələ uşaqların gözlərindəki ümid bir başqa idi. Laçının işğalı günü onlar elə bilirdilər ki, biz harasa gedirik və qayıdacağıq”.

“Kürdlərin ermənilərə qarşı mübarizəsi”

Laçın sakini deyir ki, kürdlərin Laçında üstünlük təşkil etməsi barədə deyilən fikirlər doğru deyil.

“Ara-sıra Laçında kürd xalqlarının üstünlük təşkil etməsi barədə məlumatlar yayırlar. Heç də bu, doğru deyil. Laçında kürdlər yaşayıb, amma geniş kütləni əhatə etməyib. Bir məqamı da deyim. Kürdlər qorxaq xalq deyil. Döyüşkən və mərd camaatdır. Döyüşməkdən heç vaxt qorxmayıblar. Bizimlə birgə ermənilərə qarşı cəsarətlə mübarizə aparıblar. Laçının 5-6 kəndində kürdlər məskunlaşmışdı. Onlar da bizim xalqımızla qaynayıb-qarışmışdı”.modern.az

DİGƏR XƏBƏRLƏR

Top