Ölkə iqtisadiyyatında geriləmə davam edir


Bu ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54 milyard 433,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalması olub. Əlavə dəyərin 37,5 faizi sənayedə, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 17,6 faizi isə digər sahələrdə istehsal edililib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olub.

Qeyd edək ki, ÜDM-nin 4% azalması ötən ay istisna olmaqla son illər ərzində qeydə alınan ən yüksək azalma tempidir. Məlumat üçün bildirək ki, 1997-ci ildən sonra Azərbaycanda ÜDM istehsalı davamlı olaraq artıb. Bu il istisna olmaqla 2000-ci ildən sonra Azərbaycanda ÜDM istehsalı yalnız 2009-cu ilin yanvar ayında azalıb. Həmin ay ÜDM istehsalı 2,6% həddində aşağı düşüb. Beləliklə 2009-cu ilin yanvar ayı istisna olmaqla bu ilin əvvəlinə kimi ÜDM istehsalı heç vaxt azalmayıb. Yalnız bu ilin əvvəlindən başlayaraq ÜDM istehsalı aşağı düşür. Belə ki, ÜDM istehsalı cari ilin yanvar ayında 3,3%, fevral ayında 3,2%, mart ayında 3,5%, aprel ayında 4,5%, may ayında 4,2%, iyun ayında 3,4%, iyul ayında 3%, avqust ayında 3,1%, sentyabr ayında 3,9%, oktyabr ayında 3,7% və nəhayət ötən ay 3,9% həddində azalıb. Xatırladaq ki, ən yüksək iqtisadi artım 2006-cı ilin fevral ayında qeydə alınıb - 48,1%.

"İqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir"

İqtisadi tənəzzülün davam etməsinə münasibət bildirən iqtisadçı-ekspert Qubad İbadoölu bildirib ki, açıqlanan göstəricilərin trend təhlili göstərir ki, son 1 ayda iqtisadiyatda tənəzzül dərinləşib, dövlət büdcəsinin kəsiri, inflyasiya və işsizlik artıb: "Bu dövr üçün ən neqativ tendensiya sənaye istehsalında böhranın başlamaısı və bu bölmədə tənəzzülün dərinləşməsidir. Beləliklə də, həm ÜDM-də və həm də qeyri-neft ÜDM-ində eniş bir az da artaraq müvafiq olaraq, mənfi 3,9 faiz (əvvəlki ayla müqayisədə 0.2 faiz bəndi çox) və mənfi 5,6 (əvvəlki ayla müqayisədə 0.1 faiz bəndi çox ) faizdə qərarlaşıb. Bu ilin sonuna yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır. Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir. Yeri gəlmişkən onu da qeyd edək ki, dünən FED uçot dərəcələrini gözənildiyi kimi 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb".

DİGƏR XƏBƏRLƏR

Top