Gürcüstanın ən böyük kurort şəhərlərindən biri olan Batumidə müsəlmanlar küçədə namaz qılmaq məcburiyyətində qalıblar. "Yeniavaz.com"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb Batumi şəhər merinin müsəlmanlara ikinci məscid inşa etməyə icazə verməməsidir. Bununla bağlı məsələyə diqqəti cəlb edən Acarıstan televiziyası məscid çatışmazlığı səbəbindən müsəlmanların küçələrdə namaz qılmağa məcbur olduğu barədə məlumat yayıb. Acariya televiziyası hələ 2013-cü ildə Batuminin müsəlman əhalisinin məscid çatışmazlığı səbəbindən ikinci məscid inşa etmək üçün şəhər merinə müraciət etdiklərini və bu məqsədlə torpaq sahəsi aldıqlarını bildirib. Lakin şəhər meri məscidin yaşayış məskəninə yaxın olduğunu bəhanə gətirərək onun inşasına icazə verməyib. Buna etiraz edən müsəlmanlar torpaq sahəsinin kənarlarını hasara olaraq orada ibadətlərini edəcəklərini bildiriblər. Eyni zamanda müsəlman icmasının üzvlərindən olan Tariyel Londaridzə şəhər merinin qərarından şikayət etməyə hazırlaşdıqlarını söyləyib. Öz növbəsində tanınmış hüquqşünas Georgi Ximşiaşvili də Batumi merinin məscid tikinitisinə icazə verməməsini qeyri-qanuni adlandırıb. Batumi müsəlman icması məsələ ilə bağlı Acariya rəhbəri Zurab Pataradze ilə görüşməyi planlaşdırıb.