Tarix Muzeyində "İstək"

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində "ART Show" adlı rəsm sərgisinin açılışı olub. Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, sərginin təşkili azyaşlı uşaqların dünyagörüşünün inkişafında, onların istedad və bacarıqlarının aşkara çıxarılmasında xüsusi rol oynayır: "Uşaqların əl işlərində biz onların daxili aləmini, dünyaya baxış formalarını hiss edirik. Bu çöx önəmlidir". Nailə xanım gələcəkdə də belə sərgilərin təşkilinin uşaqların təxəyyülünün inkişafında vacibliyini vurğulayıb və nümyiş olunan rəsm nümunələrini yüksək qiymətləndirib.

Sonra müvafiq layihə və sərgi barədə məlumat verilib. Bildirilib ki, Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Ləman Musayevanın rəhbərliyi ilə "İstək" liseyinin rəsm dərnəyində "ART istedad" layihəsi reallaşdırılıb. Layihənin məqsədi dərnək üzvlərinin Azərbaycan tarixinə maraqlarını artırmaq, onlara maddi və mənəvi irsimizin qorunmasının vacibliyini aşılamaq olub.

"İstək" liseyinin Əhmədli filialının layihə rəhbəri Səbuhi Sadıqov həyata keçirilən bu layhənin əsas məqsədlərindən birinin şagirdlərə cəmiyyətlə bağlı düşüncələrini şəkillərdə necə əks etdirməyi və şəkillər üzərində öz hekayələrini təqdim etməyi öyrətməkdən ibarət olduğunu bildirib: "Belə tədbirlərin təşkil olunması uşaqlara göstərilən diqqət, qayğının bariz nümunəsidir".

Layihə çərçivəsində keçirilən tədbirdə "İstək" liseyi şagirdləri tərəfindən hazırlanmış və tariximizin ayrı-ayrı dövrlərinə həsr olunan əl işləri, həmçinin müxtəlif səhnəciklər təqdim edilib, musiqi və rəqslər ifa olunub.

Mövzular üzrə ən yaxşı əl işlərinin müəlliflərinə təşəkkürnamə və muzeyin kataloqları hədiyyə edilib. Sərgi mayın 15-dək davam edəcək.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top