Azərbaycan-İordaniya münasibətləri müzakirə edilib

Bu gün Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Yeniavaz.com”un Xarıcı ışlər nazirliyi mətbuat xidmətinə istinadən verdiyi məlumata görə görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. E.Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında müstəsna rolu barəsində danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İordaniyaya, İordaniya kralı II Abdullahın Azərbaycana səfərlərinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi və genişlənməsi üçün yeni imkanlar üzə çıxardığını bildirdi. Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən E.Məmmədyarov bu xüsusda, ticarət, iqtisadiyyat və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi dəyərləndirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi barədə qonaqları məlumatlandıran nazir münaqişənin həlli üçün, BMT Təhlüksizlik Şurasının müvafiq qətnamələrində də tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilməli olduğunu diqqətə çatdırdı. O, 2013-cü ildə İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbulunun mühüm əhəmiyyətə malik olduğunu dedi.

Atef Yusif Saleh əl-Taravneh İordaniya və Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu və əlaqələrin irəlilədilməsi baxımından qarşılıqlı səfərlərin rolunu qeyd etdi və turizm, sərmayələrin qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlər olduğunu əlavə etdi. Görüşdə həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlər barəsində fikir mübadiləsi aparıldı.

DİGƏR XƏBƏRLƏR

Top