Ukrayna vətəndaşları Avropaya vizasız gedəcəklər

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya vizasız rejimin verilməsi haqqında yekun qərarı təsdiq edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla belə, Aİ miqrasiya və təhlükəsizliklə bağlı problemlər olacağı təqdirdə vizasız rejimi dayandıracağı vədini verib. Bundan sonra Aİ-nin qərarını Avropa Parlamentinin sədri Antonio Tayani və Aİ-də sədrlik edən Maltanın Baş naziri Cozef Muskat imzalamalıdırlar. Ardından o, Aİ-nin rəsmi mətbuatında dərc ediləcək və 20 gündən sonra ukraynalılar Aİ ölkələrinə vizasız səfər edə biləcəklər.

Ukrayanın Baş naziri Vladimir Qroysman bildirib ki, ukraynalılar iyunun 11-dən Aİ-yə vizasız gedə biləcəklər. O, Kiyevə vizasız rejimin verilməsini Berlin divarının dağılması ilə müqayisə edib. Aİ və Ukrayna arasında vizasız rejimin liberallaşdırılması haqqında dialoq 2008-ci ildə başlayıb. Kiyev ilkin olaraq vizasız rejimi 2016-cı ilin sonunadək almağa ümid edirdi, lakin Avropa bu məsələni bir neçə dəfə təxirə salıb. Aprelin əvvəlində isə Avropa Parlamenti bu ölkə ilə vizasız rejim haqqında qərarı təsdiq edib, qərarı 751 deputatdan 521-i dəstəkləyib.

Qeyd edək ki, vizasız rejim Aİ-nin 22 üzv ölkəsini və ittifaqa üzv ölmayan 4 ölkəni (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə), eləcə də Şengenə qoşulmaq üzrə namizəd ölkələri (Bolqarıstan,Kipr, Rumıniya, Xorvatiya) birləşdirən Şengen zonası ərazisində sərbəst hərəkəti nəzərdə tutur. Ukraynalılar Şengenin iştirakçı ölkələrinin ərazisində yarım il ərzində 90 gündən artıq qala bilməyəcəklər, bununla belə icazə verilmiş günləri fasiləsiz istifadə etmək mütləq deyil. Vizasız rejim Aİ ölkələrində işə icazəni vermir. Qısamüddətli səfərin məqsədi turizm, biznes, mədəniyyət tədbirlərində iştirak, eləcə də yaxınlara və qohumlara baş çəkmək ola bilər. Aİ sərhədini keçmək üçün Ukrayna vətəndaşlarına yalnız biometrik pasport lazımdır, bu sənəd olmadan Aİ-yə vizanı rəsmiləşdirmədən getmək mümkün olmayacaq. Bununla yanaşı, sərhədçilər əlavə sənədlər tələb etmək haqqına malikdirlər.

DİGƏR XƏBƏRLƏR

Top