Qurban Yetirmişli: "Daha iki-üç təkanın olması gözlənilir"

"Bu gün səhər saat 07:24-də Saatlı rayonunda qeydə alınan zəlzələdən sonra həmin ərazidə maqnitudası 2.9 olan daha bir zəlzələ olub". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, zəlzələdən sonra avtoşoklar həmişə olur: "Səhərki zəlzələdən sonra maqnitudası 2.9 olan daha bir zəlzələ qeydə alınıb. Amma zəlzələnin dərinliyi çoxdur deyə, hiss olunmayıb. Daha iki-üç təkanın olması gözlənilir. Çünki səhər baş verən zəlzələ çox da zəif deyildi".
Baş direktorun sözlərinə görə, zəlzələ nəticəsində hər hansı dağıntı və tələfatın olması ilə bağlı informasiya yoxdur: "Bunun üçün həmin ərazilərə baxış keçirmək lazımdır. Episentrdə zəlzələ 5 bala yaxın olsa da, orada yaşayış məntəqəsi yoxdur". Q.Yetirmişlinin sözlərinə görə, belə zəlzələnin olması o demək deyil ki, ölkə ərazisində seysmoloji aktivlik var: "Ölkə ərazisində daim təkanlar qeydə alınır, onların arasında nisbətən güclüsü, hiss olunanı da olur". Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km. dərinlikdə olub. Report

DİGƏR XƏBƏRLƏR

Top