
İŞİD terror təşkilatının Liviyadakı silahlıları üçün nəzərdə tutulmuş 37 ton ağrıkəsici tramadol həbi müsadirə edilib. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, həbləri İtaliya Vergi Polisi və Gömrük İdarəsi birlikdə aşkarlayıb. Həblər Genuya limanında üç yük konteynerinin içərisində tapılıb. Liviyanın Misurata və Tobruk şəhərlərinə göndəriləcək yükün ümumi dəyəri 75 milyon avro qiymətləndirilir. Həblərin üzə çıxmaması üçün onların üzəri ədyal və şampunlarla örtülüb, yük konteynerləri isə “Ədyal”, “Şampunlar” adı ilə nişanlanıb. Tramadol (digər ticarət adları kaptaqon, kontramal, tramolin və s.-dir) preparatı adətən ağrıkəcisi qismində istifadə edilir, yorğunluq və aclıq hislərini götürmək iqtidarındadır. Bu həb bir çox ölkələrdə narkotik vasitələr siyahısına daxil edilib və yalnız resept əsasında satılır. Onu bəzən “silahlıların narkotiki” adlandırırlar. Belə ki, Avropada və Nigeriyada terrorçuların həmin preparatdan istifadə etdiklərinə dair çoxsaylı dəlillər var.
Tətbiqimizi yükləyə bilərsiniz