
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun və şagird yataqxanasının əsaslı təmirdən sonra açılış mərasimi olub. "Yeniavaz.com" xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin ölkəsi üçün gördüyü işlərdən danışıb. Şəhər rəhbəri peşə məktəbinin kollektivini təbrik edərək onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fazil İsmayılov qeyd edib ki, peşə məktəbinin binası 1966-cı ildən fəaliyyət göstərməsinə baxmayaraq, heç bir zaman təmir olunmayıb. Burada aparılan əsaslı təmir nəticəsində məktəbin binasının müasir və bu günün tələblərinə cavab verən səviyyəyə gətirildiyini deyən Fazil İsmayılov qeyd edib ki, hazırda məktəbdə 7 peşə - "Dərzi", "Komputer ustası", "Bərbər manikürçü", "Dülgər", "İnşaat materialları, konstruksiyalarının və məmulatların qəlibçisi", "Biçiş-tikiş avadanlıqlarının operatoru, tikişçi" üzrə kadrlar hazırlanır. Direktor vurğulayıb ki, bu peşələr üzrə 154 şagirdə 8 istehsalat təlimi ustası, 16 nəfər pedaqoji və yardımçı heyət xidmət edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və ictimaiyyət nümayəndələri sinif otaqları, idman zalı, kitabxana o cümlədən dülgər və tikiş emalatxanaları, şagird yataqxanası və s. ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli 405 ?-li qərarına əsasən ilk peşə ixtisas müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə əlaqədar olaraq 1 və 2 N-li Gəncə Peşə Məktəbləri, 3 N-li Gəncə Peşə Liseyi birləşdirilərək onların bazasında Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Vüqar Nəbiyev, Gəncə
Tətbiqimizi yükləyə bilərsiniz