"Rusiya ard-arda Azərbaycan əleyhinə addımlar atır" - Politoloq

"Rusiya ard-arda Azərbaycan əleyhinə addımlar atır". "Yeniavaz.com" xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu fikirdədir. Politoloq fikirlərini belə əsaslandırıb:

"1. Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi tükdən asılı vəziyyətdədir, hər an Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edə bilərlər.

2. 9 mayda Moskvada parad keçirilir və meydanda Dağlıq Qarabağın "bayraqları" dalğalanır. Moskva polisi bu təxribatın qarşısını almaq əvəzinə buna etiraz edən azərbaycanlıları yürüşdən uzaqlaşdırır.

3. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməyə qərar verib. Sual olunur kimə qarşı? Bu sualın cavabını 4-cü bənddə aydınlaşdırmaq olar.

4. Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər (?!).

Bəs Rusiya rəsmiləri deyirdilər, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq. Belədirsə, Rusiya rəsmilərindən və XİN-dən niyə kimsə erməni generalın açıqlamasına münasibət bildirmir? Demək, elə erməni generalın dediyi kimidir.

Biz Gürcüstan və Ukrayna kimi NATO-ya üzvlük hədəfini illərdir ona görə dilə gətirmirik ki, birdən Rusiyanın xətrinə dəyərik. Moskva isə necə lazımdır Azərbaycanın xətrinə dəyir, biz isə susuruq. Moskva bu cür anti-Azərbaycan siyasəti ilə bizə Türkiyənin Naxçıvanda hərbi bazasını formalaşdırmaqdan, NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur".

"Moskvada hər il keçirilən ənənəvi "Ölməz alay" adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb, Qarabağın qondarma bayrağını qaldırıblar, azərbaycanlılar buna etiraz ediblər, əvəzində keşik çəkən polis və xüsusi təyinatlı polis dəstələri erməniləri mühafizə altına alaraq azərbaycanlıların yürüşdə iştirakını ləngidiblər",-deyə qeyd edən politoloq bildirib ki, ermənilər istəklərinə nail olublar: "Bundan sonra Kreml o ölkələrdən inciyir ki, onunla birgə Moskvada Böyük Vətən Müharibəsinin yubileyini qeyd etmirlər. Rusiyanın təxribatçılara bu cür dəstəyindən sonra belə yürüşlərdə iştiraka ehtiyac varmı? Özümüz Bakıda İkinci Dünya Müharibəsində həlak olan soydaşlarımızın xatirəsini yad edirik, bu kifayətdir, separatçılara dəstək verən ölkənin paradına niyə qatılmalıyıq?

Bir də səfir Polad Bülbüloğlunun nəhayət ki, səsini eşitmək istərdik. Bəzən mənə elə gəlir ki, o Rusiyada Azərbaycanı yox, özünü təmsil edir. O nə Rusiyada az qala qadağan olunan Ümumrusiya Azərbaycanlıların Konqresinin son durumuna aydınlıq gətirir, nə Dövlət Dumasında Xocalı soyqırımının tanınması məqsədilə imzatoplama kampaniyasına dəstək verir, nə də bu gün yürüşdəki təxribatla bağlı rusiyalı diplomatlara etirazını bildirir. Polad Bülbüloğlu YUNESCO-da sədr olub bizə nə xeyri dəyəcək? Əslində onu geri çağırmağın vaxtıdır. Moskvada çevik səfirə ehtiyacımız var".

DİGƏR XƏBƏRLƏR

Top