Maşın bazarına rayonlardan gələnləri belə aldadırlar - FOTO

Xeyli vaxt idi yolum maşın bazarından düşmürdü. Bu dəfə jurnalist kimi deyil, öz maşınımızı satmağa getmişdik. Bazarda gördüyüm və diqqətimi çəkən bir neçə məqamı qeyd etməyə bilmərəm. Məlumat üçün bildirim ki, söhbət Sumqayıtda yerləşən maşın bazarından gedir.

Səhər saatlarında biz bazara çatanda qələbəlik idi, satan da çox idi, alan da. Deyilənə görə, Azərbaycanda fəaliyyət göstərən maşın bazarları içərisində daim müştərisi bol olan da məhz Sumqayıtdakı maşın bazarıdır. Bunu da onunla əlaqələndirirlər ki, rayonlardan maşın almaq istəyənlərin çoxu Bərdə bazarından sonra ən çox bura gəlirlər. Bundan əlavə bura Bakıdan, Sumqayıtdan da maşın alıb-satmaq üçün gələnlər kifayət qədərdir...

Dava-dalaş...

Bazara maşın satmaq üçün gələnlərdən girişdə 6 manat alınır. Bu pulu verməsən, içəri girə bilməzsən. Lakin pulu ödəməyin barədə sənə heç bir qəbz verilmir. Girişdə alınan pullara görə qəbz verilməməsinin başqa bir problemi də var. Eyni vəziyyətlə biz də üzləşdik. Tutaq ki, maşınına müştəri çıxır və almaq istəyən şəxs onu asfalt yola çıxarıb sürmək istəyir. Deyək ki, həmin şəxs maşını bazardan kənarda - asfalt yolda sürdü və alası olmadı, onda məcbursan ki, yenidən bazara qayıdasan. Bu zaman girişdə duranlarla bəzi hallarda problem yaranır. Əgər satmaq istədiyin maşının nömrəsi qeyd olunmayıbsa, onda yenidən bazar ərazisinə girmək üçün ya pul verməlisən, ya da dava-dalaş salıb haqqını tələb etməlisən.

Özünü rayondan gəlmiş, məsum alıcı kimi təqdim edir...

Maşın bazarında özünü adi müştəri kimi təqdim edən alverçilər də kifayət qədərdir. Onlar bazarı gəzir, hansı maşında pul tutmaq olarsa, onu müəyyənləşdirir və qiyməti endirib almağa çalışırlar. Kiməsə təcili pul lazımdırsa və ya gələn həftə yenidən rayondan bu bazara qayıtmaq imkanı yoxdursa, qiymət nisbətən uyğun gəlirsə, alverçi ilə razılaşır. Bazarda alverçi olduğunu etiraf edənlərin sayı çox azdır. Hər kəs özünü "rayondan gəlmiş, məsum alıcı" kimi təqdim etməyə çalışır.

Yeri gəlmişkən, rayondan gələn məsum alıcılar da az deyil. Sumqayıtdakı maşın bazarında belələrinə çox rast gəlmək olar. Yəqin ki, daha çox onlar dələduzluqla üzləşirlər...

Alıcı inanır və maşını alır

Deyilənə görə (bunu bizə bazara maşın satmağa gələnlər danışdılar) maşın bazarında özünü usta kimi təqdim edənlər də var. Həmçinin alverçilərin özləri də alıcılara öz köməkliklərini təklif edirlər. Onların işi maşın almaq istəyənlərə kömək etmək, yəni qəzaya düşməmiş, detalları dəyişdirilməmiş, baxılmış maşın almalarına yardımçı olmaqdır. Əslində isə həm də başqa şeylər var verir.

Bu şəxslərin işindən ən çox yararlananlar rayon, kənd yerlərindən bazara maşın almağa gələnlərdir. Məlumdur ki, uzaq rayondan Sumqayıta maşın almağa gələnlərin bəziləri özləri ilə usta gətirə bilmirlər. Bu əlavə xərc deməkdir. Odur ki, onlar bazarda özlərini usta, alverçi kimi təqdim edənlərə müraciət edirlər.

Onlar alıcının gözünə xoş gələn maşınlara baxır, yaxşı maşın olub-olmaması barədə qərar verirlər. Lakin əslində... Onlar alıcının başını qatıb satıcıya təklif edirlər ki, "maşınını bu adama aldırıram, razısansa, 100 manatı mənimdir". Əgər satıcı ona "hə" cavabı verərsə, başlayır alıcının yanında maşını tərifləməyə, onu inandırmağa. Bunu görən alıcı da inanır və həmin maşını alır.

Ən çox satılan maşınların qiyməti...

Sən demə, lap peşəkar davranan alverçilər də var imiş. Əgər alıcı qismində bazara gələn şəxs hər hansı bir maşına yaxınlaşırsa, yanında gətirdiyi alverçi və ya usta ondan gizlincə satıcıya işarə verir. İşarə isə belə verilir - digər barmaqlarını qatlayır, təkcə şəhadət barmağı açıq qalır və bunu arxadan satıcıya göstərir. Bu o deməkdir ki, maşınını tərifləyib bu adama satdırıram, 100 manat verməyə razısanmı? Satıcı başı ilə razılıq işarəsi verirsə, başlayır maşını alıcıya tərifləməyə.

Beləcə, həmin şəxs 2 yerdən pul qazanır - həm onu bazara gətirən şəxsdən, həm də maşını satandan.

Bəlkə də bu çoxdan var, bəlkə də çoxları bu barədə məlumatlıdır. Ancaq məlumatı olmayan, bu barədə bilməyənlər də var. Bunu yazdıq ki, onların da xəbəri olsun. Yəqin ki, həmin şəxslərin bazar rəhbərliyi ilə bir əlaqəsi yoxdur, amma belələrinə qarşı nəzarət gücləndirilsə, yaxşı olar.

Və sonda - maşın bazarının ərazisinə daxil olan maşınlardan uzağı 1 saat ərzində satılanlar da var idi, satılmayıb sürücüsünü kor-peşman "edənlər" də.

Bazarda avtomobil alverçilərindən birinin dediyinə görə, satılan maşınların demək olar ki, 60-70 faizi qiyməti 2000-10000 manat arası olan avtomobillərdir. Daha ucuz avtomobillər köhnə olduğundan, daha bahalı olanlar isə alıcı azlığı səbəbindən çox satılmır.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top