"Bir ovuc Şuşa torpağı Bakıdadır - onun sevdiyi armud ağacının dibindən götürülüb"

Artıq 25 ildir ki, Qarabağ düşmən tapdağı altındadır. Ötən bu illərdə erməni daşnakları Qarabağdakı, o cümldən Şuşadakı maddi mədəniyyət abidələrimizi tarmar ediblər. Onlardan biri də Şuşadakı Üzeyir bəy Hacıbəylinin ev-muzeyidir.

Bu günlərdə Üzeyirbəyşünas Səadət Qarabağlıya həm o, həm də dahi bəstəkarın Bakıdakı ev-muzeyi ilə bağlı bir neçə sualla müraciət etdik. Bu və digər suallarımızı cavablandıran Səadət xanım söhbətinə bu sözlərlə başladı:

- Azərbaycan mədəniyyətini və incəsənətini dərindən bilən, inkişafına çalışan böyük siyasi və dövlət xadimi Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Bakıda, həmçinin digər şəhərlərdə görkəmli, dahi şəxsiyyətlərin ev muzeylərinin açılmasına göstəriş verib. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin açılması da məhz həmin dövrə təsadüf edib. Bu məbədin yaranması ümummilli liderin adı ilə bağlıdır.

- Səadət xanım, amma tarixi faktlara görə, hələ ötən əsrin ortalarında Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin açılması gündəmdə olub...

- Doğrudur, bəstəkar vəfat etdikdən üç ay sonra Azərbaycan hökuməti Üzeyir bəy Hacıbəylinin adının əbədiləşdirilməsi ilə əlaqədar, 16 fevral 1949-cu ildə xüsusi qərar qəbul edib. Orada bir çox dəyərli müddəalarla yanaşı, böyük sənətkarın Şuşada və Bakıda ev-muzeylərinin yaradılmasına da yer ayrılıb. 1959-cu ildə Şuşada Ü. Hacıbəylinin ev-muzeyi açılıb. İlk vaxtlar bu muzey 4 otaqdan ibarət olub. Lakin sonradan həmin ev-muzeyi genişləndirilib: bir hissəsi ikimərtəbəli, digər hissəsi isə birmərtəbəli olaraq memorial evə çevrilib. Bakıda isə bu məsələ düz 26 il həyata keçməmiş qalıb. Bəzi ixtiyar sahibi olan məmurlar deyirdilər ki, "ölülər gözləyərlər, bu məsələlər çox da vacib deyildir" və s. Ona görə də Bakıda Ü. Hacıbəylinin ev-muzeyi təşkil olunmayıb.

Nəhayət, böyük öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə bu məsələ reallaşdı. Onun tapşırığı və yaxından köməyi sayəsində 1949-cu il qərarının bu maddəsinin yerinə yetirilməsi baş tutdu. 20 noyabr 1975-ci ildə Bakıda Üzeyir bəyin 27 il (1915-1942) yaşadığı evini (Üzeyir bəy ömrünün 1915-ci ildən 1942-ci ilədək olan dövrünü bu evdə keçirib, bir sıra ölməz əsərlərini, o cümlədən "Koroğlu" operasını burada yaradıb) muzeyə çevirmək mümkün oldu. Onu da deyim ki, bu muzeyin ilk rəhbəri Üzeyir Hacıbəyovun yaxın silahdaşı, "Şöhrət" ordeni Ramazan Xəlilov olub.

- Sonradan bu ev-muzeyinin genişləndirilməsi məsələsi də ortaya çıxıb...

- 1975-ci ildə böyük dövlət xadimi Heydər Əliyev özü şəxsən muzeyin açılışında iştirak etmiş və demişdir ki, muzey Ü. Hacıbəyov kimi dahi sənətkar üçün çox darısqaldır, onu qonşu evlərin hesabına genişləndirmək lazımdır. Ulu öndərin uzaqgörənliklə söylədiyi bu fikirlər 1985-ci ildə dahi bəstəkarın 100 illik yubileyində gerçəkləşdi. Heydər Əliyev tərəfindən ev-muzeyinə direktor təyin edilmiş Ramazan Xəlilovun yorulmaz səyi nəticəsində muzeyə bitişik binalardan on ailə köçürüldü. Onlara təzə evlər verildi. Və bu mənzillər də muzeyə əlavə olundu. Lakin sonuncu dəfə 1985-ci ildə əsaslı təmir olunan muzeyə 2005-ci ilə qədər əl vurulmadı. 2004-cü ilin payızında mən muzeydə çalışdığım zaman, Heydər Əliyev ənənələrini layiqincə davam etdirən hörmətli Prezidentimiz, cənab İlham Əliyevə televiziya vasitəsi ilə müraciət etdim. Müraciətim cavabsız qalmadı. Az sonra, 28 fevral 2005-ci ildə möhtərəm Prezident İlham Əliyev Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin əsaslı təmir edilməsi ilə bağlı xüsusi sərəncam imzaladı. Lakin ona təəssüf edirəm ki, sərəncamın mətbuatda dərc olunmasına bir həftə qalmış sabiq mədəniyyət naziri P. Bülbüloğlu məni başqa bir muzeyə keçirmək qərarına gəldi. Mən isə bunu qəbul etmədim və iyirmi beş ildən çox çalışdığım muzeydən, sevimli işimdən istefa verdim. Amma sevinirəm ki, cənab İlham Əliyev tərəfindən bu sərəncam imzalandı. Vaxtilə Heydər Əliyevin yaxından köməkliyi ilə təşkil edilmiş Üzeyir Hacıbəylinin ev-muzeyi məhz İlham Əliyevin sayəsində əsaslı təmir olundu.

- Səadət xanım, Üzeyir bəyin Şuşadakı ev-muzeyi barədə daha nələr deyə bilərsiniz?

- 1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırıb. Ü. Hacıbəyovun Şuşadakı ev-müzeyinin direktoru Nəsibə İsmayılovanın fədakarlığı sayəsində muzeyin eksponatlarının düşmən əlinə keçməsinə yol verilməyib. Belə ki, muzeyin eksponatlarından şəxsən Ü. Hacıbəyova məxsus əşyalar (uşaqlığ papağı, kostyumu, eynəyi, paltosu, Qori seminariyasında çaldığı skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyin xanımın gəlinlik paltarı, Ü. Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş və muzeyə yadigar verilmiş kitablar) Bakıya gətirilib. Hazırda onlar Ü. Hacıbəyovun Bakıdakı ev-muzeyinin fondlarında saxlanılır. Onu da deyim ki, Bakıya gətirilən eksponatlardan ən dəyərlisi isə müzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır. Yeri gəlmişkən, 2002-ci ilin mayında mən Üzeyir bəyin ev-muzeyinin direktoru kimi həmin eksponatları ictimaiyyətə təqdim etmişdim. Və inanıram ki, müzəffər ordumuzun qələbəsindən sonra həmin eksponatlar Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyinə qaytarılacaq.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top