400 min əhalisi olan şəhərdə cəmi 3 ictimai ayaqyolu var - PROBLEM

Ayaqyolu gündəlik həyatda insanların mütləq gündə ən azı bir neçə dəfə baş çəkdiyi yerlərdən biridir. İctimai ayaqyolunun fəaliyyət göstərməsi və necə vəziyyətdə olması da ayrıca mədəniyyətin göstəricisidir.
Ayaqyolu mövzusu kimlərəsə vacib gəlməyə bilər, amma böyük şəhərin ortasında birdən təcili təbii ehtiyacınızı ödəməyə ehtiyac yaransa və sıxıla-sıxıla qalıb bunun üçün münasib yer tapmasanız ,biabırçılıqdansa kol, ağac, divar dibi axtarmaq məcburiyyətində qalsanız, onda çox güman ki, məsələ sizə heç də əhəmiyyətsiz gəlməyəcək.


Ayaqyolunun olmaması kimi xoşagəlməz gerçəklik Sumqayıtda özünü daha qabarıq şəkildə göstərir. Bu gün Sumqayıt şəhərində nəzərəçarpacaq abadlıq işləri görülsə də, inkişaf olsa da, tualet problemi qabarıq şəkildə qalmaqdadır. Sumqamyıtda ictimai tualetlər pullu olmalarına rəğmən, əhalinin sayına tərs-mütənasibdir. İnsanların gur olduğu mərkəzi yerlərdə, məsələn Nizami meydanı ətrafında, Azərbaycan prospektində ictimai ayaqyolu yoxdur.
400 minə yaxın əhalisi olan, ölkənin ikici şəhərində cəmi-cümlətanı 3-4 ayayolunun olmasından həm yerli sakinlər, həm də şəhərə gələn qonaqlar əziyyət çəkir.
Əhalinin sıx olduğu yerlərdə, mərkəzi ərazilərdə isə - Avtovağzalı-filanı saymasaq - ayaqyolu yoxdur. Mikrorayonlarda da həmçinin ictimai tualet yoxluğu görünür.


O üç ayaqyolunun da ikisi Nəsimi parkında və biri də Heydər parkındadır . Təsəvvür edin, Sumqayıt bulvarının ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr, "Nəsimi" adına mədəniyyət və istirahət parkının isə sahəsi 80 hektardır və 200 hektara qədər böyük ərazidə cəmi 2 ayaqyolu var.
Təzə istifadəyə verilən Sumqayıt bulvarında istirahət obyektləri, atraksionlar, ticarət obyektləri , uşaqlar üçün əyləncə mərkəzləri, idman infrastrukturu, kafelər, çayxanalar, restoranların inşa olunmasına baxmayaraq, çox acınacaqlı olsa da "əsas məsələ”- ayaqyolu tikmək yaddan çıxıb. Belə çıxır təcili tualetə getmək istəyən bulvarın bir başından şəhərə doğru bir neçə km qaçmalıdır.
Böyük şəhərdə 3-4 ictimai ayaqyolunun olması isə yox kimi şeydir, çünki təlabatı ödəyə bilməz. Bu gün bizdə turizmin inkişafından danışmaq dəbdir. Amma adi bir ayaqyolu olmayan yerdə hansı turizmdən danışmaq olar?!
Bəlkə də şəhər sakinləri bu delikat problemi dilə gətirməyə utanırlar, ancaq şəhərimizin qonağı olmuş istənilən bir şəxs bu problemi qabardır və bizlərə irad tutur.


Kimsə deyə bilər ki, bəs şəhərdəki çoxsaylı şadlıq evlərində, restoranlarda, kafelərdə, çayxanalarda ayaqyolları var və ora "müraciət” etmək olar. Düzdür, bu belədir, amma onların çoxu həmin məkanların müştəriləri üçün açıqdır və çox zaman elə yerlərdə ayaqyolunun qapıları bağlı olur, açarları da işçilər müştərilər üçün özlərində saxlayır. Üstəlik həm bir çoxları, ələlxüsus qadınlar belə yerlərə müraciət etməyə utanırlar, həm də kənar adamlara ümumuyyətlə "otkaz” edilir. Yəni bu məsələdə hər şey həmin yerlərin sahiblərinin insafına bağlı olur. Halbuki, dünyanın bir çox ölkələrində hansısa kafeyə və ya restorana məhz ayaqyoludan istifadə məqsədilə girişə heç bir məhdudiyyət qoyulmur.
Bəzən turistlər də gəzməli yer axtarmaq əvəzinə, bir də görürsən ayaqyolu axtarışına çıxırlar. Əslində mövzudan danışmaqdan yox, tualetlərin olmamağından utancvericidir.


Necə deyərlər, bu tualet ki var, çox qəliz məsələdi, həm qəlizdi, həm də ki vacib. Əgər bu vacib məsələ olmasaydı dünayda Tualet günü olmazdı.
Bir qədər də statistikaya varaq. Ümumdünya Tualet günü dünyada ayaqyolusuz qalan insanların problemini qabartmaq məqsədilə 2001-ci ildən dünyanın 19 ölkəsində hər il noyabrın 19-da qeyd edilir. BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq ayaqyolu yoxluğunun səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər.

Adətən tualet problemi deyəndə Hindistan ağlımıza gəlir. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur. Hindistanda hər 1440 insana 1 tualet düşür və bu səbəbdən ölkədə güclü sel daşqınları olarkən küçələr insan ifrazatı ilə dolur. Ölkə sakinlərinin 800 milyonunun evində tualet olmadığı üçün onlar təbii ehtiyaclarını açıq yerlərdə - harda gəldi ödəməyə məcburdular.
Birləşmiş Millətlər Təşkilatı 2008-ci ili "ayaqyolu ili” elan etmişdi. Bu qərar dünya əhalisinin 40 faizinin sağlam ayaqyolu imkanlarından məhrum olması ilə əsaslandırılıb. BMT-dən bildirilib ki, hər il dünyada milyonlarla adam antisanitar ayaqyolularda müxtəlif xəstəliklərə düçar olur.
Çinin paytaxtı olan 20 milyonluq Pekində 7000 ayaqyolu var.


Barselonada 2015-ci ilin 2 fevralından «Décret d'allarde» adlı qanun qüvvəyə minib və bu dövlət qanununda terrası olan hər bir kafe və ya bar ayaqyoluna getmək istəyən hər bir insanı ora buraxmalıdır.
Rus mətbuatında bir zamanlar tanınmış keçmiş rus KVN-çi Aleksandr Madiç bir dəfə metroda ayaqyolu olmadığına görə, xidməti ayaqyoluna da buraxılmadığından pis vəziyyətə düşərək, alt paltarını batırması və biabırçı vəziyyətə düşməsini sosial şəbəkədə ictimailəşdirilməsi,metropolitan rəhbərliyini məhkəməyə vermək istəməsi böyük rezonans doğurdu. Və təsiri də oldu,metroda ayaqyolu tikdilər.
Ayaqyolu məsələsi Bakıda qismən yaxşı olsa da, qənaətbəxş deyil. Təsadüfi deyil ki, Formula 1-də "Mercedes” komandasından qalib Niko Rosberq Bakının tualet problemindən gileylənib. O, "Reuters” agentliyinə deyib ki, tualetləri gərək çox edəydilər.
«Bu həftəsonu uzun-uzadı növbədə dayanmalı oldum. Tualet sayını artırsaydılar, yaxşı olardı», -o, agentliyə bildirib.


Sumqayıtda bu sarıdan vəziyyət kəndləri, rayonları xatırladır. Rayonların da çoxunda yalnız avtovağzallarda adətən bir ayaqyolu olur, onun içərisi adətən olduqca bərbad, antisanitariya vəziyyətindədir, üfunət qoxusu baş çatladır.
İnternetdə sivil ölkələrdəki kreativ, avtomatik, biotualetlərə, modul və sairə göz oxşayan yeni nəsil ayaqyolulara baxırsan adamın lap pağıllığı tutur.
Yeri gəlmişkən dünyanın ən yaxşı ictimai tualetləri Yaponiyadadır. Bu ölkədə ayaqyolulara xüsusi diqqət edirlər. Ağıılı, elektron, sensor salfetli ,sensor sulu, tualetlər bizim "bərkgedən” şadlıq evlərindəki tualetlərdən də yaxşıdır, özü də pulsuzları da çoxdur. Avtomatik, stasionar, səyyar tipli tualetləri orada az qala sənət əsəri kimi inşa edirlər.
Sumqayıtda parklarda, bulvarda istirahət edənlərin əksər hissinin yaşlı nəslin nümayəndələri-pensiyaçılar və uşaqlar olduğundan onların ayaqyoluna daha çox ehtiyacı var. Uşaqlar iradəli ola bilmədiyindən, yaşlı nəslin nümayəndələrin çoxu ya böyrək xəstəliyindən ya da digər xəstəliklərdən əziyyət çəkdiklərindən tualetə tez-tez getməli olurlar. Bundan başqa bulvarda, Nəsimi parkında elə İcra hakimiyyətinin qabağında tez-tez kütləvi bayramlar , tədbirlər keçirilir ki, bu zaman ictimai ayaqyolunun yeri "görünür”.


Deyək ki, Hindistan kasıb ölkədir, bəs biz? Bizim ki, imkanımız var. Turistlər öncə hava limanına, avtovağzallara sonra isə tualetlərə göz gəzdirərək, ölkə haqqında təsəvvür formalaşdırır. Şəhər bələdiyyəsi, İcra hakimiyyəti bu problemi aradan qaldırmaq üçün düşünməlidir. Şəhərə milyonlarla manat pul ayrılır və insanların gur olduğu yerlərdə, parklarda, küçələrdə tualetlərin açılması heç də çətin məsələ deyil. Şəhər sakinləri arasında sorğu keçirərək də yerlər müəyyənləşdirilə bilər. Müəyyən etmək olar ki, neçə ayaqyolu lazımdır və haralarda. Təbii ki, bunu etmək üçün birinci yerli məmurlarda gərək istək olsun. Ola bilsin məmurlar heç şəhəri adi adam kimi gəzmirlər və bu problem onları yaddır, bunu vacib saymaya bilərlər, ancaq bir dəfə başlarına gəlsə "başmaqçı” olar, bəlkə də əncam çəkərlər.
Gerçəkdən bizdə bu hələ ayaqyolu mədəniyyət formalaşmayıb. Hətta sakinlərə diskomfort yaşadan bu məsələ barədə danışmaq belə mentalitetimizdə ayıb sayılır, mütləq sözün qarşısına bir "üzr istəyirəm” ifadəsi artırılır. Məsələn, Beyləqan rayonunda Yaponiya hökumətinin ayırdığı 90 min 300 dollar qrant hesabına iki yerli məktəb üçün sanitar qovşaqların tikilib istifadəyə verilməsi əlavə söz-söhbətlərə səbəb oldu, yerli icra başısını qınadılar ki, tualet açılışında iştirak edib. Halbuki, onun başqa işlərini deyə bilmərik, bu işdə alqışlamaq lazımdır. Məktəbdə oxuyan uşaqların sağlamlıqlarına xidmət edən, gigienik, sanitariya baxımdan müasir tualetin inşasında və təntənəli aşlışında nə ayıb şey ola bilər ki?!


Sürətlə Avropaya inteqrasiya etdiyimiz bir zamanda biz hələ də ictimai ayaqyolu problemi yaşayırıq.
Tikinti normlarına, satandartlara görə içtimai ayaqyolular 1000 nəfərə bir "pribor” –unitaz düşmək hesabı və hər 500-700 metrdən bir aralı tikilməlidir. Ancaq bir başdan- digər başa uzununa 6,5 km olan Sumqayıtda bu qətiyyən nəzərə alınmayıb.
Ümid edək bu çətin olmayan problem şəhər rəhbərliyi tərəfindən həll olunacaq və Sumqayıtda avtomatik, daşınar (səyyar) və ya daşınmaz (stasionar) ictimai ayaqyolular inşa oluncaq, camaat da bu problemdən qurtulacaq.
Şəhər sakinlərini və qonaq da məsələ ilə bağlı sorğulanıb. Cavabların bir neçəsini təqdim edirik:
Xatirə, evdar qadın : "Ayaqyolu ən vacib məslələrdən biridir. Günün çox hissəsini çöldə oluram, istər-istəməz tualetə ehtiyac olur, amma şəhərdə yoxdur demək olar. Adam utanır çayxanaya, restorana deməyə. Uşaqlar da həmçinin. Ona görə evə catanacan dözmək məcburiyyətindəyəm, uşaqlar yenə harasa edə bilir. Amma Bakıda heç olmasa bu sarıdan yaxşıdır”.
Akif, ticarətçi: "Hə, bu problemdir. Öz təcrübəmdən deyirəm.Neçə dəfə olub az qala ... güclə çatmışam ayaqyoluna. Qışda lap böyük problem olur”.
Süleyman, proqramçı: "Bu mövzunu qabartmaq, ictimailəşdirmək lazımdır ki, bizdə sivil ölkələrdəki kimi həll olunsun. Mən çox adam tanıyram ki, şəhərdə ümumi tualet olmadığı üçün küçəyə az-az çıxır”.
Aleksandr, qonaq: "Mənim bu şəhərdə qohumlarım qalır və arada onlar şün və istirahət üçün gəlirəm Sumqayıta. Mən burda ictimai ayaqyolu görməmişəm. Məcburam bu problemi nəzərə alım.Ona görə şəhərdə harasa gedəndə, nəsə yeyəndə, nəsə içəndə bunları nəzərə alıb hesablayıram ki, pis vəziyyətə düşməyim”. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top