Şuşanın gözü yoldadır

Azərbaycanın tacı, gözəllər-gözəli qədim Şuşamızın gözü iyirmi beş ildir ki, yollarda qalıb. O, həsrətlə doğmalarının yolunu gözləyir. Onu yağı düşmənin caynağından qurtaracaq qəhrəmanlarının həsrətindədir.

İyirmi beş ildir ki, Şuşa bizə, biz də Şuşaya uzaqdan baxaraq yaşayırıq. Bir ili min ilə bərabər olan bu amansızlıq dərdi iyirmi beş ildir ki, bizi içimizdən yeyib-dağıdır. Hər gün Şuşasız ölüb-dirilirik. Allah-təala bizi nə müşkül bir imtahana çəkir. İlahi, Şuşasız yaşamaq nə böyük faciədir! Nə qədər çətin, nə qədər əzablıdır, Şuşasızlıq dərdi. Görəsən, bizim bu əzabımıza, həsrətimizə son qoyulacaqmı?...

Azərbaycan kimi dəyərli bir üzüyün qiymətli qaşı olan Şuşa mənim üçün nağıllar aləmidir. Hər yay onun qoynunda keçirdiyimiz o unudulmaz günlər ömür kitabımın ən işıqlı səhifələridir. Onun bənzərsiz təbiəti, insana həyat verən ab-havası, dağları, meşələri, çeşmələri, gülü-çiçəyi, ətirli bənövşəsi, xarı bülbülü, heç yerdə gözəl qoxusunu duya bilmədiyim kəklikotusu, nizamla salınmış ağ qranit yolları, Cıdır düzü, Daşaltı, İsa bulağı, Qırxpilləkan, canlı muzeyi xatırladan yüzlərlə abidələri, saymaqla bitməyən gözəllikləri qəlbimin dərinliyində özünə yer eləmiş, yaddaşıma əbədi həkk olunmuşdur. Burnumun ucu, qəlbimin başı göynəyir səndən ötrü, şahanə Şuşam! Görəsən, səni bir də görə biləcəyəmmi?...

Sənin pak torpağında uyuyan ulularımızın da ruhları narahatdır. Tezliklə sənin azad olduğun günü görmək arzusundadırlar. Bir-birindən gözəl məhəllələrində toy-büsat, Cıdır düzündə çal-çağır istəyindədirlər, əziz Şuşam! Bilirəm, sən də darıxmısan o günlər üçün. Sən də o günləri səbirsizliklə gözləyirsən. Sənin müqəddəs torpağında indi yad ünsürlər dolaşır. Sənə o murdar yükü daşımağın nə qədər əzablı olduğunu hiss edirəm. Bunları düşündükcə ürəyim parça-parça olur, əsir Şuşam! Amma neyləyim ki, əlimdən heç nə gəlmir, sənə kömək edə bilmirəm, harayına çatammıram. Səni yalnız qəlbimin içində qorumağa və xatirələrimdə yaşatmağa qadirəm. Gözəlliklər diyarı, mənəvi dəyərlərimizin beşiyi olan Şuşada tariximiz, musiqimiz, mədəniyyətimiz və bir də ən əsası - qeyrətimiz qaldı. O qeyrət ki, yalnız Şuşanı düşməndən geri aldıqdan sonra özümüzə qayıdacaq.

Dəyərlərimiz o qədər çox olub ki...

Müqəddəs Qarabağda, Şuşada ulularımızın məzarları da qaldı. Ulu babam Mirzə Haqverdi Qarabağinin də, ana babam Məşədi Zeynal Haqverdiyevin də, neçə-neçə doğmalarımızın da, vətən oğullarımızın da məzarları ordadır. Onların da mübarək ruhları uca göylərdə narahat dolanır, Şuşamızı geri alacağımız günü gözləyirlər.

... Mirzə Haqverdi babam Mehdiqulu xanın mirzəsi olmaqla bahəm, həm də mahir qələm sahibi idi. Tarixçi, şair, ədəbiyyatşünas kimi onun çoxlu yazıları, ədəbi irsi qalmışdı. Lakin əfsuslar olsun ki, onun qələmə aldığı qalaq-qalaq dəyərli kitabların əlyazmaları bizə qədər gəlib-çatmamışdır. 1937-ci ilin dəhşətli qasırğası onların da üstündən əsib keçmiş, Mirzə Haqverdi Qarabağinin xalqımız, tariximiz üçün çox qiymətli əlyazmaları Xəzər dənizinə ərmağan edilmişdir. Bununla da Qarabağın, eləcə də Şuşamızın tarixi keçmişi, siyasi mühiti, ədəbi-mədəni aləmi ilə bağlı sənədlərdən, həmçinin Mirzə Haqverdinin şəxsi yaradıcılığını özündə ehtiva edən əlyazmalardan məhrum olmuşuq. Tarix boyu itirə-itirə gələrək, bu günümüzə çatmışıq.

Görünür, dəyərlərimiz o qədər çox olub ki, onların qədrini bilmək, qayğısına qalmaq, qorumaq yadımıza düşməyib. Unutqanlığı isə tarix heç vaxt bağışlamır.

Qiymətini, dəyərini uzun illər anlamadığımız Qarabağ, Şuşa torpağı, eyni zamanda qarabağlılar, şuşalılar başqa millətlərin, digər xalqların hər zaman diqqət mərkəzində olmuşlar. Rus poeziyasının günəşi sayılan A. S. Puşkin 1829-cu ildə Qafqaza, eləcə də Ərzuruma səyahəti zamanı bir çox Azərbaycan türkləri ilə görüşmüş, tanış olmuş, onlara şeirlər həsr etmişdir. O. şəxsiyyətlərdən biri də ana nənəm Tovus xanımın dayısı, şuşalı general Fərhad bəy olmuşdur. Böyük şairin Fərhad bəyə ithaf etdiyi şeirdə deyilir:

"Döyüş şöhrətinə uyma, qapılma

Növcavan məftunluq həvəsiylə sən.

Gəl, qanlı vuruşa çox da atılma

Cəngavər Qarabağ dəstəsiylə sən.

Bilirəm, getməzsən ölümə qənşər,

Əzrailin belə keçsən əlinə.

Çaxnaşma salanda qılıncla xəncər,

O da rəhm eləyər gözəlliyinə.

Fəqət nigaranam, sən vuruşlarda

Əbədi itirib verərsən bada

Kövrək davranışın məlahətini,

Şuxluğun, həyanın təravətini".

(Tərcümə V. Rüstəmzadənindir)

Şuşa deyəndə...

Şuşa deyəndə bu füsunkar diyarda boya-başa çatan bir çox dahilərlə bahəm, ruhu rahatsız olan, dünya şöhrətli müqəddəs sənətkarımız Üzeyir bəy Hacıbəyli də göz önünə gəlir. Şuşanı Üzeyir bəysiz, Üzeyir bəyi Şuşasız təsəvvür etmək mümkün deyil. Görkəmli şairimiz, tanınmış publisist, Qarabağ dərdini yaralı qəlbində daşıyaraq əbədiyyətə qovuşan Şahmar Əkbərzadə çox gözəl demişdir: "...Milli iftixarımız olan bu yetirmənlə təkcə sən yox (Şuşa-S.Q.), bütün Odlar yurdu öyünür. Bütünlükdə Qarabağa Üzeyirbaycanım deyirəm. Üzeyirbaycanımın ürəyi sənsən, qənirsiz gözəlim, Şuşam mənim".

İyirmi beş ildir ki, gözəl Şuşamız yağı düşmənin tapdağı altındadır. Bunu qəbul etmək çətin olsa da, reallıq belədir. Tarix boyu heç bir işğalçı ordunun əlinə keçirə bilmədiyi basılmaz qala quldurların işğalına məruz qaldı.

Dahi bəstəkarımız, mahir qələm sahibi olan əvəzsiz publisist Üzeyir bəy Hacıbəyli hələ 1919-cu ildə "Azərbaycan" qəzetində yazırdı ki, 1918-ci ilin mart hadisələri qabaqcadan düşünülmüş siyasi aksiyadır. Erməni quldurlarının- istər Andranik olsun, istər onu göndərən daşnaqların arxasında gizli bir əl var. Yoxsa, Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inad həyasızlıq dərəcəsinə çatmazdı.

Üzeyir bəy daha sonra qeyd edirdi: "Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə, hər an hazır olmaqdır! Elə hazırlıq ki, bu hadisələr bir də təkrar edilsə, müdafiəsinə qadir olaq!"

Sədd heyif ki, dahi Üzeyir bəyin bu peyğəmbəranə vəsiyyəti unudulmuş, hətta uzun illər yasaq da edilmişdir. Daxili düşmənlərin səyi nəticəsində düçar olduğumuz bu unutqanlıq isə tarixin təkrarlanmasına gətirib-çıxarmışdır.

Lakin faciəmiz nə qədər böyük olsa da, sabaha ümidlə baxmalı, gələcəyə inamla addımlamalıyıq. Əminik ki, Ulu Tanrımızın və qəhrəman xalqımızın, milli ordumuzun şücaəti ilə Qarabağımız, Şuşamız tezliklə özümüzə qaytarılacaq, vətən göylərində nigaran dolaşan ulularımızın narahat ruhları da asudə nəfəs alacaq.

Qarabağlı, Şuşalı günlərimiz geri dönəcək. Heç zaman yaddan çıxmayan Şuşamız, Qarabağımız yenidən bizləri - doğmalarını ağuşuna alacaq.

Hələlik isə Şuşanın gözü yoldadır!

Şuşa bizi gözləyir!

Səadət Qarabağlı, üzeyirbəyşünas

DİGƏR XƏBƏRLƏR

Top