"Gecə canavarları"nın 4 üzvü Rusiyaya qayıda bilmir

Rusiyanın "Gecə canavaraları" baykerlər qrupunun 4 üzvü Ermənistan-Gürcüstan sərhədində ilişib qalıb. "Yeniavaz.com"un news.am-a istinadən verdiyi məlumata görə, buna səbəb onların Ermənistandan Gürcüstana buraxılmamasıdır. Baykerlərin sözlərinə görə, onlar aprelin 30-da Gürcüstan ərazisi vasitəsi ilə Ermənistana daxil olublar. Mayın 4-də baykerlər qrupu geri qayıdarkən Gürcüstan sərhədçiləri onları ölkəyə buraxmayıblar. Buna səbəb mayın əvvəllərində Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Rusiyadan olan baykerlərin Gürcüstana buraxılmaması barədə qərarın qəbul edilməsi olub. Bəzi məlumatlara görə, baykerlər qrupu mayın 9-da Tbilisidə qələbənin bayram edilməsi adı altında təxribatlara əl atmağa hazırlaşıblar. Onların məqsədi öz hərəkətləri ilə əhali arasında təşviş oyatmaq, Gürcüstan dövlətçiliyini təhdid etmək olub. Gürcüstan isə öncədən bundan xəbər tutaraq müvafiq təhlükəsizlik addımları atmağa məcbur olub. İndi baykerlər qrupu Rusiyaya qayıtmaq üçün ən azından mayın 10-nu gözləməli olacaqlar. Putinin səyyar komandası hesab edilən "Gecə canavarları"nın fəaliyyətinə Polşa, ABŞ, Almaniya İsveç, Litva, Latviya və Estoniya tərəfindən qadağa qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top