Rusiya Cenevrə danışıqlarından çıxa bilər

Rusiya Avropa Şurası nazirlər müavinləri komitəsinin Gürcüstan üzrə qəbul etdiyi qərarı qərəzli adlandırıb. "Yeniavaz.com"un newsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı verdiyi bəyanatda Cenevrə danışıqlarından çıxmaq barədə fikirləşməyə başladıqlarını bildirib: "Tbilisi Qərbdəki himayədarlarının yardımları ilə beynəlxalq almədə əleyhimizə təbliğat aparır və qonşuları ilə normal münasibətlər yaratmaq niyyətində olmadığını bildirir. Belə vəziyyətdə biz Cenevrə danışıqlarının davam etdirilib-etdirilməməsi barədə ciddi şəkildə fikirləşməyə məcburuq"

Qeyd edək ki, Avropa Şurası nazirlər müavinləri komitəsinin Gürcüstanla bağlı qəbul etdiyi qərarda Rusiya münaqişə tərəfi kimi qeyd edilib. Eyni zamanda o da qeyd edilib ki, Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən de-fakto işğal edilib və Moskva mütəmadi olaraq bölgədə vəziyyəti gərginləşdirməkdə davam edir. Xatırladaq ki, Cenevrə danışıqları Rusiya ilə Gürcüstan arasında yeganə dialoq vasitəsidir. Belə ki, Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibədən sonra onunla diplomatik əlaqələri kəsib. Cenevrə danışıqlarında Rusiya və Gürcüstandan əlavə ABŞ, həmçinin qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının rəsmiləri iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top