"Belə qudurğan pozlar insanlarda nifrət yaradır" - Deputat

"14 yaşlı uşağın avtomobil sürüb qəza törətməsi və adam öldürməsi hadisəsi rezonans doğurmalı idi. Soruşurlar ki, onun və ona avtomobil verənin məsuliyyəti necə olacaq?".

"Yeniavaz.com" xəbər verir ki, bu fikirləri Bakıxanov qəsəbəsində "Porsche Cayenne Magnum" markalı avtomobillə gənc qızın həyatına son qoyan qəzanı şərh edən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

"Qısaca deyək ki, hər ikisinin cinayət məsuliyyəti istisna olunur. Amma bizim qanunvericilik həmin uşağın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsini nəzərdə tutur. Bu mümkündür. Amma açığı, mən bilmirəm ki, bizdə belə müəssisə var, ya yox? Varsa, kağızdadır, ya realdır? Maşını ona verənin təqsiri, özü də qəsdi, yəni avtomobili bilərəkdən verdiyi sübut edilsə, cəmi 180 manat inzibati cəriməsi var (İXM-in 335.3-cü maddəsi). Amma həmin adam bu əmələ görə mülki məsuliyyətdən (zərərin əvəzini və kompensasiya ödəmək) qaça bilməyəcək",-deyə ekspert qeyd edib.

Millət vəkili Qənirə Paşayeva da hadisəyə münasibət bildirib: "Bir az öncə çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və sair və həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə ata-analar öz övladlarını necə bədbəxt edirlər deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır ilk öncə 24 yaşlı gənc ananın ölümündə günahkar. Yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk öncə suçlu olan. (Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa, hansı addımlardır ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək). Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təəssüf, qınaq və hiddət hissi ilə"...

"Bu cür atalara demək istəyirəm ki milləti düşünmürsünüzsə, heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə, övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tədbiyəsinə... Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksi nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o "uşaq" bir ömür vicdan əzabı cəzası çəkəcəklər. Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur",-deyə millət vəkili vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top