
Bu gün bütün dünyada kiçik sahibkarlığın inkişafı üçün sınaqdan çıxmış uğurlu bir sistem tətbiq edilir. Françayzinq adlandırlan bu sistem sahibkarlıq subyeklərinə imkan verir ki, öz aralarında razılaşaraq fəaliyyətlərini daha da genişləndirsinlər. "Yeniavaz.com" xəbər verir ki, bu sistem əsasən iri və kiçik sahibkarlıq subyektlərinin əməkdaşlığını əhatə edir. Yəni, françayzinq sistemində 2 tərəf olur. Tərəflərdən biri istehsal və ya təqdim etdiyi mal və xidmətlərdən digər tərəfin də yararlanmasını təmin edir. Yəni, hər hansı bir müəssisə istehsal etdiyi məhsulun satışını digər bir şirkətə həvalə edir. Məsələn, ölkəmizdə fəaliyyət göstərən bəzi iri quşçuluq müəssisələri istehsal etdikləri toyuq əti və yumurtanı özləri satmırlar. Onlar satış hüququnu müqavilə əsasında digər bir sahibkara verirlər.
Biznesə başlamaq üçün böyük sərmayələrə ehtiyac yoxdur
Öz biznesinin bir hissəsini digər sahibkarlara verənlər françayzer, başqasının biznesində iştirak edən tərəf isə françayzi adlandırılır. Qeyd etdiyimiz kimi, françayzerlər əsasən böyük şirkətlər, françayzilər isə kiçik şirkətlər və ya fərdi sahibkarlar olurlar. Belə bir sistemin tətbiqinin hər iki tərəf üçün böyük faydaları var. Bunun françayzerlər üçün əsas faydası odur ki, onlar istehsal və təqdim etdikləri mal və xidmətlərin satışını daha asan həyata keçirirlər. Eyni zamanda risk səviyyəsi də aşağı düşür. Məsələn, böyük bir restoran özünü ətlə təmin etmək üçün ya özü mal-heyvan saxlamalıdır, ya da bunun üçün başqa bir sahibkarla razılaşma əldə etməlidir. Restoran sahibinin mal-heyvan saxlaması onun biznesi üçün daha riskli ola bilər. Ancaq əti digər sahibkardan aldığı zaman bu risk aşağı düşmüş olur. İki tərəf arasındakı razılaşmadan asılı olaraq bəzən bu risk ümumiyyətlə olmaya bilər. Bu sahədə apardığımız araşdırma göstərir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi iri şirkətlər istehsal etdiyi məhsulun pulunu satış hüququ verdikləri sahibkarlardan əvvəlcədən alırlar. Belə olan halda həmin müəssisələr heç bir risk daşımırlar. Bütün risklər françayzi dediyimiz kiçik sahibkarlıq subyeklərinini üzərində qalır. Lakin, buna rəğmən françayzinq sistemi daha çox kiçik sahibkarlar üçün faydalıdır. Məsələn, hər hansı bir məşhur avtomobil brendinin satışını həyata keçirə bilmək üçün böyük sərmayələrə ehtiyac yoxdur. Sadəcə olaraq həmin avtomobilin istehsalçısı ilə yəni, brendin sahibi ilə razılaşmaq lazımdır.
Bu sistemdə uğur qarşılıqlı fəaliyyətə dayanır
Qeyd edək ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də françayzinq sistemi daha çox istehsalçı müəssisələr ilə topdan və pərakəndə satış şəbəkələrini əhatə edir. Françayzerlər istehsal edir, françayzilər isə satır. Burada diqqət edilməsi gərəkən məqam odur ki, françayzilər özlərinə aid olan bizneslə deyil, françayzerlərin biznesi ilə məşğul olurlar. Belə olan halda da françayzerlərin uğuru françayzilərin işinə müsbət təsir edir. Məsələn, meyvə şirəsi istehsal edən şirkət öz məhsullarının keyfiyyətini artırdığı zaman bu onun satışına təsir edir və nəticədə françayzilər də bundan faydalanırlar. Eyni zamanda bildirək ki, bunun əksi də ola bilər. Belə ki, françayzerlərin uğursuzluğu françayzilərin də işinə mənfi təsir göstərir. Ümumiyyətlə bu sistemdə uğur qarşılıqlı fəaliyyətə dayanır. Çünki nəticədə hər iki tərəf vahid bir biznesin tərkib hissələri olurlar.
Bəzi iri şirkətlər öz bizneslərini başqaları ilə paylaşmaq istəmirlər
Bir məsələni da qeyd edək ki, son zamanlar ölkəmizdə fəaliyyət göstərən bəzi iri şirkətlər, françayzilərin xidmətindən imtina eləməyə başlayıblar. Məsələn istehsal müəssisələrinin daxilində satış, reklam şöbələri təşkil olunur. Hətta öz biznesini başqası ilə paylaşmamaq üçün zərərlə işləməyə belə razı olan şirkətlər mövcuddur. Məsələn, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və bu sahədə ixtisaslaşan bir müəssisə mətbəə və nəşriyyat işlərini başqa bir şirkətə həvalə etməyərək özü mətbəə qurmağa qərar verir. Xüsusilə də iri müəssisələrin topdan satış şəbəkələri qurması kiçik sahibkarlığın inkişafına mane olur. Bəzən də iri şirkətlər françayzilərin fəaliyyətindən razı olmadıqları üçün belə bir addım atırlar. Bu səbəbdən də iri şirkətlər öz bizneslərinin bir hissəsini paylaşmaq istədikləri sahibkar haqqında ətraflı məlumat toplamalıdırlar.
Tətbiqimizi yükləyə bilərsiniz