Yevlaxda ilk dəfə: noxud becəriləcək

Yevlaxda ilk dəfə olaraq noxud becəriləcək. Bu məqsədlə rayonun Qaramanlı kəndində bu il 20 hektar ərazidə əkin aparılıb. Martın ilk günlərindən torpağa səpilən noxud hazırda 20-30 santimetr boy verib. Suya davamlı olan bitkinin toxumu Cəlilabad rayonundan gətirilib. "Yeniavaz.com" xəbər verir ki, texnika vasitəsilə səpini aparılan bitkinin 1 kiloqramını fermerlər 5-6 manata əldə ediblər. Əkini aparıldıqdan 3 ay sonra yetişən noxud hektara 2 tondan artıq məhsul verə bilər. Fermerlərdən Ramil Ağayev, Elnur Kazımovun dediyinə görə Qaramanlıda ilk dəfə əkilən bitki iyunun əvvəli çiçəkləyərək məhsul verməyə başlayacaq: "Çiçəklənməyə qədər noxud alaq otlarından təmizlənib, dərmanlanması aparılıb. Hava yağmurlu keçərsə, bitkini suvarmaya ehtiyac qalmayacaq. Bu il bitki məhsuldarlığı ilə seçilərsə, növbəti illərdə əkin sahələri genişləndiriləcək".

Qeyd edək ki, fermerlər bitkinin daha çox suya davamlı olmasında maraqlıdırlar. Çünki yaya doğru mənfur düşmənlərimiz Tərtərçayın qarşısını kəsdiyindən Yevlaxın bəzi kəndlərində sahələr susuz qalır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top